Heydər Əliyev Beynəlxalq Aeroportunun xarici görünüşü yenilənəcək
09 Sentyabr 2011 Cümə 11:30
"Eurovision"la əlaqədar xüsusi reyslər, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qruplar, təyyarələr və s ayrılacaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı yenidənqurma işləri gələn ilin mayınadək başa çatdırılacaq. “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a müsahibəsində bildirib ki, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq hava limanında yenidənqurma işlərinə artıq başlanılıb.

Tədbirlər planına əsasən müsabiqə iştirakçıları və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun hazırlanması, xüsusi reyslərin, eləcə də aerovağzal kompleksində, VİP salonlarda və biznes-terminalda xidmətin nümunəvi təşkili, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətlərinin və təyyarə bələdçilərinin hazırlanması, aviasiya təhlükəsizliyinin, gömrük və viza xidmətinin təmin edilməsi, reklamın yerləşdirilməsi və s. işlər həyata keçiriləcək. Eyni zamanda, abadlıq işlərinin geniş vüsət aldığı aeroportun xarici görünüşü də yenilənəcək. Artıq vağzalyanı meydan genişləndirilib və asfalt döşənib. Bütün işlər “Eurovision-2012” mahnı müsabiqəsinədək başa çatdırılacaq.

Xidmət rəisinin sözlərinə görə, plana uyğun olaraq Gəncə Beynəlxalq Hava Limanı ehtiyat aerodrom kimi nəzərdə tutulub və bu istiqamətdə də müvafiq addımlar atılır. Həmçinin Avropa Planlaşdırma Mərkəzi ilə əlaqənin yaradılması üçün də “Eurocontrol” təşkilatı ilə danışıqlar aparılır.

Bir sözlə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanacaq “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçıları və qonaqları üçün hərtərəfli şərait yaradılacaq. Bütün bunlar isə Azərbaycanın təbliği baxımından mühüm amildir. Bunun üçün də bütün işlər yüksək səviyyədə həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar