Həqiqi hərbi xidmətə çağırış başlayır
01 Oktyabr 2011 Şənbə 02:24
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlayır. Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Fərmanı sentyabrın 7-dəç imzalayıb. Fərmana görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət başçısı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alır ki, 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Müdafiə Nazirliyi hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə nazirliyin təşkilat səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları 1 sentyabrdan etibarən səhər saat 09.00-dan etibarən “qaynar xətt”in bu telefon nömrələrinə 538-61-10, 539 90 28, 539 23 55 zəng edə bilərlər.
Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən "etimad xəttinin" telefon nömrələrinə 538-61-31, 538 61 74, 539 23 76 zəng etmələri tövsiyyə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: