Bu gündən etibarən ölkədə havanın temperaturunun 5-7 dərəcə aşağı düşəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədovun sözlərinə görə, paytaxtda müşahidə edilən cənub-qərb küləkləri bu gün, günün ikinci yarısından etibarən şimal-qərb küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturunun 10-12 dərəcə olacağı bildirilir.
Bu gün axşam saatlarından başlayaraq, respublikanın qərb rayonlarında cənub-qərb küləyi saniyədə 25-30 metrə kimi güclənəcək, yağış yağacaq, bəzi rayonlarda sulu qara keçəcək. Hidrometeorloji Proqnozlar Bürosundan o da bildirilib ki, Xaçmaz-Quba bölgəsində çaylarda suyun artacağı və qısa müddətli daşqınların olacağı da gözlənilir. Ayın 25-i axşam saatlarında şimal-qərb küləyinin nisbətən zəifləməsi və cənub-qərb küləyinə keçməsi gözlənilir. Martın 26-dan sonra isə ölkə ərazisində mülayim hava şəraiti bərqərar olacaq və ayın sonuna qədər davam edəcək. «Paytaxtda və bölgələrdə martın 26-dan etibarən havanın temperaturunun yüksəlməsi də gözlənilir»,-deyə İ.Məmmədov qeyd edib. /ANS TV/