Hakimliyə namizədlərlə test imtahanı may ayının 7-də saat 12.00-da Bakı İdman Sarayında keçiriləcək. Məhkəmə Hüquq Şurasından ANS PRESS-ə verilən məlumata görə, imtahan şəffaf prosedurlar əsasında, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə, bütün namizədlər üçün vahid auditoriyada təşkil olunacaq. İmtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə imtahan keçirilən auditoriyada namizədlərin qarşısında həyata keçiriləcək.
Qeyd edək ki, hakimliyə namizədlərin növbəti seçim prosesinə ötən il başlanıb, 4-ay davam edən sənəd qəbulu nəticəsində 440-dək hüquqşünas namizədliyini irəli sürüb. Onların imtahanlara hazırlaşmalarına kömək məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq kurslar təşkil edilib, eyni zamanda “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” hazırlanaraq namizədlərə təqdim olunmuş, kitabçaya hakimlərin seçilməsi qaydası, suallara dair məlumat, hakimliyə namizədin imtahanqabağı və imtahan zamanı vəzifələri, imtahan prosedurları, qanunların öyrənilməsi məqsədilə tövsiyələr, sual nümunələri və məsləhətlər daxil edilib. /ANS PRESS/