Hacıqabulda bələdiyyələrlə bağlı regional seminar keçirilib
17 Yanvar 2012 Çərşənbə Axşamı 14:58
Hacıqabul şəhərində bələdiyyələrin maarifləndirilməsi ilə bağlı regional seminar keçirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, seminar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Şirvan Regional ədliyyə şöbəsi, Şəhər, qəsəbə, kənd bələdiyyələri milli Assosiasiyalarının təşkilatçılığı ilə baş tutub. Seminarda Prezident Administrasiyası, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı, Milli Arxiv İdarəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri və Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala və Hacıqabul rayon bələdiyyə sədrləri, üzvləri iştirak edib. Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkədə həyata keçirilən işlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. M. Səlimzadə sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən-ilə artdığını bildirib. Sədr çıxışında yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı bəzi bələdiyyələrin işində yol verdiyi nöqsanlardan, eyni zamanda aradan qaldırılmasından, həmçinin bələdiyyələrin fəaliyyətinə maneçilik yaradan problemlərin həll edilməsinin zəruri olduğunu bildirib. Tədbirdə bələdiyyələrlə bağlı yeni qanunvericiliyin tətbiqi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri, bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu ilə bağlı müzakirələr aparılıb. Seminarda iştirak edən bələdiyyə nümayəndələri dövlət tərəfindən yerli özünüidarəetmə sektoruna yardımlar göstərilməsinin, yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyini bildiriblər.
DOSTLARINLA PAYLAŞ: