Güclü qar Xaçmazın işığını söndürdü
07 Noyabr 2011 Bazar Ertəsi 11:08
Qubada qarın hündürlüyü 10, Qusarda 19 sm, Xaçmazda isə 10 sm-dir.
Azərbaycanın şimal rayonlarında güclü qar yağır. Gecə saatlarından yağmağa başlayan qar hazırda, Quba, Qusar, Xaçmaz rayonlarında küləklə müşayiət olunur. ETSN-nin Quba Ərazi Hidormeterologiya mərkəzindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Qubada qarın hündürlüyü 10 sm, Qusar 19 sm-dir. Yerli sakinlər isə bildiriblər ki, Xaçmazda da qar yağır, qarın hündürlüyü burada 10 sm-ə çatır.
Qeyd edək ki, Xaçmaza həmişə dekabr-yanvar aylarında yağan qarın noyabrda başlaması olduqca gözlənilməz olub. Rayon İcra hakimiyyətinin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Akif Mərdanov da bu faktı təsdiq edib. Onun sözlərinə görə, hazırda Xaçmazın Niyazabad, Xanlıoba, Çarxı kəndləri də daxil olmaqla təxminən 20 kəndinə güclü qar yağır. Qarın yağması Xaçmazda enerji probleminə səbəb olub, əhali işıqsız qalıb. Hazırda enerjinin bərpa olunması istiqamətində iş gedir.
DOSTLARINLA PAYLAŞ: