Güclü leysan Lənkəranda fəsadlar törədib
01 Oktyabr 2011 Şənbə 21:01
İntensiv yağan yağışlar rayonun elektrik təsərrüfatında ciddi problemlər yaradıb.
Güclü yağış Azərbaycanın cənub rayonlarında da ciddi problemlər yaradıb. Cənub bölgəsinə yağan intensiv yağıntı çaylarda sululuğun səviyyəsinin qalxmasına səbəb olub. Bir sıra küçələrdə həyətləri sel suları basıb, evlərə, köməkçi tikililərə ciddi ziyan dəyib. Əksər yaşayış məntəqələrinə elektirik enerjisinin verilməsində fasilələr yaranıb.
Gecə saatlarından başlayan və güclü küləklə müşahidə olunan intensiv yağış bu dəfə də fəsadsız ötüşməyib. Yağıntı ən çox Lənkərana düşdüyündən fəsadlar da bu rayonda özünü göstərib. Ucqarlarla yanaşı şəhərin mərkəzindəki yaşayış evlərinin həyətlərini və evlərin birinci mərtəbələrini su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları yaşayış evlərindən izafi suların kənarlaşdırılmasına cəlb olunub. Sakinlər intensiv yağışlar səbəbindən evlərinin uçacaqlarından ehtiyat edirlər.
Güclü külək və leysan rayonun enerji təsərrüfatında da problemlər yaradıb. Saat 12 radələrinə qədər rayonun 30 faizi enerjisiz qalıb. Səhər saatlarından başlayaraq Lənkəran Elektrik Şəbəkəsinin təmir-bərpa briqadaları baş vermiş qəzaları aradan qaldırmaq istiqamətində işləri davam etdirir.
Lənkəran Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusovun sözlərinə görə, güclü külək nəticəsində 6-10 kv xətlər açılıb: “Üçünün üzərinə ağac aşmışdı. Ağaclar hazırda təmizlənir. Günorta saatlarına enerji verilişi tam bərpa olunacaq”.
Lənkəran Fövqəladə Hallar Komissiyasının sədr müavini M. Babayevin verdiyi məlumata görə, leysan yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir və müvafiq qurumlar sakinlərə dəyən zərəri araşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: