Gəncənin mərkəzi bazarı açılıb
12 Mart 2009 Cümə Axşamı 17:10
Bazarda müəyyən təmir və sanitariya işləri aparılandan sonra açılıb və artıq tam olaraq yenilənən meyvə-tərəvəz şöbəsinin fəaliyyəti bərpa olunub

Martın əvvəlindən antisanitariya şəraiti hökm sürdüyünə və eyni zamanda gigiyena qaydalarına əməl edilmədiyi üçün bağlanan Gəncənin mərkəzi bazarı bu gün qapılarını yenidən sakinlərin üzünə açıb. Bazar müəyyən təmir və sanitariya işləri aparılandan sonra yenidən açılıb və artıq tam olaraq yenilənən meyvə-tərəvəz şöbəsinin fəaliyyəti bərpa olunub. Ət və süd şöbələrində isə təmir işləri hələ də gedir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov bildirib ki, artıq mərkəzi bazarda təmirdən çıxan şöbələrdə səliqəli geyimli satıcılar əhaliyə xidmət göstərir. Bu vəziyyətdən həm satıcılar, həm də alıcılar razı qaldıqlarını ifadə edirlər.
Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov «Gəncə bazar» ASC-nin rəhbərliyinə yaradılmış səliqə-sahmana bundan sonra da əməl olunması tapşırığının verildiyini və əks təqdirdə inzibati qaydada cərimələr olunacağını bildirib. İşçilərin də sanitar-gigiyenik qaydalara riayət etmələri tələblər sırasındadır. Burada tam lazımi şərait yaradılandan sonra şəhərin digər altı bazarında belə işlər aparılacaq.
İlk olaraq Gəncənin Mahrasa bağı qəsəbəsindəki «Kənan», vağzalətrafı ərazidəki «Kəpəz» və Lokomotiv adlanan bazarlarda sanitar günlər elan olunaraq, fəaliyyətləri müvəqqəti dayandırılacaq. Tağı Ərani küçəsindəki «Dubay bazarı» kimi tanınan səyyar bazar isə aprel ayında yeni yolun açılışından sonra ləğv ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl antisanitariya olduğuna görə Gəncənin mərkəzi bazarı bağlanmışdı. Sözügedən bazar bağlanmamışdan əvvəl mövcud olan antisanitariyanı şəhər icra başçısı görüb və tezliklə antisanitariyanın aradan qaldırılması tapşırığını vermişdi. Amma aidiyyatı şəxslərin tapşırığa ciddi yanaşmaması və heç bir iş görməməsi bazarın tamamilə bağlanmasına səbəb olmuşdu. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar