İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Gəncədə 15,1 ton saxta sement satışı aşkarlayıb. Nazirlikidən «İnterfaks»a verilən məlumata görə, dövlət xidməti tərəfindən həyata keçirilən monitorinq nəticəsində Kəpəz rayonunda, Azərbaycan küçəsi, 161 ünvanında yerləşən fiziki şəxs Məmmədov Gəray Xəlil Oğluna məxsus tikinti materiallarının satışı obyektində ümumi çəkisi 8 ton olan 200 kisə «Qaradağ-sement» Açıq Səhmdar Cəmiyyətinin «Special m-400» əmtəə nişanı ilə nişanlanmış saxta sement aşkar edilib.
Eyni zamanda, Kəpəz rayonunda, Azərbaycan əsgəri küçəsi, 1 ünvanında yerləşən tikinti materiallarının satışı obyektində fiziki şəxs Ələkbərov Anar Nəsib oğluna məxsus «Qaradağ-sement» Açıq Səhmdar Cəmiyyətinin əmtəə nişanından qeyri-qanuni istifadə edilməklə nişanlanmış ümumi çəkisi 7,1 ton olan 53 ədəd «Optimal m-300» və 90 ədəd «Special m-400» markalı sement aşkarlanıb. Aşkar olunmuş saxta sement dövriyyədən çıxarılıb və keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən saxta malların aşkar edilməsi və satışdan çıxarılması istiqamətində həyata keçirilən monitorinqlər davam etdirilir. /ANS TV/