Gənc alimlər üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri dəyişdirilir
26 Dekabr 2011 Bazar Ertəsi 13:18
Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib ki, hazırda ölkədə yalnız yaşı 35-dək olan alimlər gənc alim hesab edilirlər. Buna görə də yalnız bu alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilirlər. Ölkə prezidentinin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə təsdiqlənən Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına əsasən də elmi dərəcəsi, yaşı 35-dək olan və ailəli olan gənc alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilərlər.

Sözügedən qaydalara əlavə və dəyişikliklərin edilməsi məqsədilə AMEA tərəfindən hazırlanan yeni təkliflərdə isə bu şərtlər yüngülləşdirilib.

Təkliflərdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri, yaşı 40-dək olan, ailəli alimlərlə yanaşı, subay gənc alimlərin də güzəştli ipoteka şərtlərindən yararlanması məsələləri öz əksini tapıb.

İlqar Orucov bildirib ki, artıq təkliflər müvafiq qurumlarla razılaşdırılıb. Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir.

AMEA rəsmisinin sözlərinə görə, bu təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-42 yaşlı alimlər də ipoteka krediti ilə özlərinə ev ala bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar