GEN MMC-nin dələduzluqda günahlandırılan rəhbəri Elbrus Əliyev və başqalarının cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bakı Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, E. Əliyev və başqaları barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində aparılıb.
Müəyyən edilib ki, E. Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına “Nəcibə”, Həbib Ağayevin adına “GEN” və öz adına “Uğurlar”, “Elgün E” və “GEN Holdinq” məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri A. Ələmov, H. Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə əvvəlcədən hazırlanmış plan əsasında öz aralarında funksiya bölgüsü aparmış, 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.
İstintaq zamanı toplanmış sübutlar əsasında həmin şəxslərə qarşı CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğu tərəfindən ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsinə göndərilib.
Anarv Məmmədov /ANS PRESS/