Gələn il Xəzərdə nərə balıqları yalnız elmi tədqiqat məqsədilə ovlanacaq
15 Dekabr 2011 Cümə Axşamı 11:32
Xəzəryanı ölkələr hamısı bu məsələdə razılığa gəlib.
Xəzər dənizində 2012-ci ildə nərə cinsli balıqlar yalnız elmi tədqiqat və araşdırma məqsədilə ovlanacaq. Bunu APA-ya açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. Onun sözlərinə görə, bununla bağlı Xəzər dənizinin Su Bioresursları Komissiyasının Bakıda keçirilən 32-ci iclasında qərar qəbul olunub. R. Hacıyev bildirib ki, Xəzəryanı ölkələr hamısı bu məsələdə razılığa gəlib. Nazir müavini deyib ki, nərə cinsli balıqların ovlanması ilə bağlı beş Xəzəryanı ölkəyə ümumi sənaye kvotası verilməyib.
Xəzərdə nərə cinsli balıqların ovlanması ilə bağlı moratoriumun necə il müddətinə təyin olunmasına gəlincə, R Hacıyev bildirib ki, bu məsələyə İşçi Qrup i tərəfindən baxılır: “Qazaxıstan prezidenti bununla bağlı 5 il moratorium təklif edib. Amma nərə cinsli balıqlar uzun müddət yaşadığına görə, moratoriumun nəticələrini 5 ilə görə bilmərik. Ona görə də bunun 10 il və daha çox müddətə təsdiqi daha effektli ola bilər”.
Nazir müavini bundan əvvəl 2006-2009-cu illərdə Xəzərdə nərə cinsli balıqların ovlanması ilə bağlı moratorium tətbiq edildiyi də xatırladıb.
DOSTLARINLA PAYLAŞ: