Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
15 Oktyabr 2011 Şənbə 13:10
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bu gün keçirdiyi brifinqdə bildirib ki, qarşıdan qış fəslinin gəlməsi səbəbindən dəm qazından zəhərlənmə hallarının artma ehtimalı böyükdür: “Üzümü əhaliyə tutaraq deyirəm ki, nasaz elektrik cihazlarından və sobalarından istifadə etmək yaxınlarımızın itkisinə və evlərimizin yanmasına səbəb ola bilər. Əhali bu cihazlardan istifadə edərkən maksimum ehtiyatlı olmalıdır”.
E. Mirzəyev deyib ki, çoxmərtəbəli binaların dəm qazının çıxması üçün nəzərdə tutulan tüstü borularının işlək vəziyyətdə olmaması da ciddi problemlərdən biridir: “Həmin binaların bir qismi özəl, bir qismi isə icra strukturlarının tabeçiliyində olan binalardır. Özəl evlərin sobaları binanı inşa edən qurumun daxili imkanları hesabına, icra strukturlarının, MİS-lərin balansında olan binaların sobaları isə həmin qurumlar tərəfindən təmizlənməlidir”.
Nazir müavinin sözlərinə görə, FHN bölgələrdə əhalinin maarifləndirilməsi ilə bağlı geniş maarifləndirmə işlərinə başlayıb. “Maarifləndirmə ilə əlaqədar videoroliklər hazırlanıb. Amma maarifləndirmə işləri tək FHN tərəfindən deyil, təhsil müəssisələri və yerli icra strukturları tərəfindən də aparılmalıdır”. APA
DOSTLARINLA PAYLAŞ: