Fevralda Bakı-Böyük Kəsik dəmir yolunun 10 km-i təmir olunacaq
18 Fevral 2012 Şənbə 11:30
«Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam etdirilir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, fevralın 14-də Səngəçal-Qobustan mənzilinin 484-475-ci kilometrində 10 km yolun əsaslı təmirinə başlanılıb. Fevral ayı ərzində günaşırı olmaqla 10 km yolun təmiri başa çatdırılacaq. Artıq bu mənzildə 3 km yol təmir olunub.
«Bu gün daha 1,5 km yol təmirinə başlanılıb. Köhnə yolun söküntüsünə səhər saat 07:00-da start verilib və artıq 800 metr köhnə yol sökülüb. Saat 16:00 radələrindən 1,5 km yolun əsaslı təmiri başa çatacaq», - deyə N.Əzməmmədov bildirib.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiyanın «Exim Bank» tərəfindən ayrılan 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə ötən ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günədək 54 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərinə «Dəmiryolservis» MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
DOSTLARINLA PAYLAŞ: