Əmanətlərin öncə hansı kateqoriyalı əmanətçiyə veriləcəyinə aydınlıq gətirildi.
Maliyyə Nazirliyi saxta əmanət kitabçaları ilə əmanət almaq istəyənlərə xəbərdarlıq etdi...
Prezident İlham Əliyevin keçmiş Əmanət Bankında qalan əmanətlərə görə Azərbaycan vətəndaşlarına birdəfəlik ödəmələrin verilməsi haqqındakı fərmanının icrası səbirsizliklə gözlənilir.
Fərmanın imzalanmasından dərhal sonra Maliyyə Nazirliyində “Qaynar xətt” (012 404-46-03), eyni zamanda nazirliyin rəsmi internet səhifəsində onlayn müraciət bölməsi (
[email protected]) yaradılıb.
Nazirlikdən verilən məlumata görə, artıq sözügedən məsələyə dair çoxsaylı müraciətlər daxil olmaqdadır və suallar operativ şəkildə cavablandırılır.
Maliyyə Nazirliyi bir daha bəyan edib ki, Prezidentin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq fərdi birdəfəlik ödəmələr alacaq əmanətçilər aşağıdakı meyarlara malik olmalıdırlar:
- Əmanətçi əmanəti 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoymalı;
- Həmin əmanət qalığı “Kapital Bank”da bu fərman qüvvəyə mindiyi tarixə şəxsi hesablarda saxlanılmalı;
- Əmanətçi və ya onun vərəsəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Maliyyə Naziliyi bildidb ki, 1 yanvar 1992-ci ildən sonra qoyulan əmanətlərə görə fərdi birdəfəlik ödəmələr verilməyəcək: “Fərdi birdəfəlik ödəmələr 1 yanvar 1992-ci il tarixinə qədər qoyulan əmanətlərin qalıqlarından asılı olaraq hesablanır və həmin tarixdən sonra qoyulan əmanətlərə şamil edilmir”.
Rəsmi məlumata görə, fərmanın icrası ilə bağlı 1 milyard manata yaxın vəsait tələb oluna bilər və ödəmələr 2 milyon 400 min şəxsi əmanət hesablarının sahibləri olan əmanətçiləri əhatə edəcək.
Maliyyə Nazirliyi əmanətlərin verilməsinin öncə hansı kateqoriyadan olan vətəndaşlara şamil ediləcəyilə bağlı suallara da aydınlıq gətirib.
“Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayının 1-dən başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır. Burada hər hansı kateqoriyanın bu vəsaitləri ilk öncə alması, habelə heç bir mərhələ müəyyən edilməyib. Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcəklər. Eyni zamanda qeyd olunmalıdır ki, fərdi birdəfəlik ödəmələrin alınması üçün əmanətçilər “Kapital Bank”ın şöbələrinə müraciət etməlidirlər”.
Bəs dünyasını dəyişən əmanətçilərlə bağlı problem necə həll olunacaq? Maliyyə Nazirliyi buna da cavab verib:
“Vəfat etmiş əmanətçinin əmanət qalıqlarına görə ödəmələrin onun vərəsəsinə (vərəsələrinə) ödənilməsi nəzərdə tutulur. Vəsait vərəsələrə ödəniləcəyi halda fərdi birdəfəlik ödəmənin alınması üçün ərizəyə vərəsələrin miras əmlaka hüquqları barədə sənəd və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə edilməlidir. Vərəsəliyin müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək”.
Ödəmələrin veriləcəyi bank da müəyyən olunub: keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankının hüquqi varisi olan “Kapital Bank” bu ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilib və ödəmələr həmin bankın filialları tərəfindən həyata keçiriləcək. Filialların dislokasiyası barədə əmanətçilər Bank tərəfindən əlavə olaraq məlumatlandırılacaq.
Maliyyə Nazirliyi bəyan edib ki, yüz minlərlə vətəndaşa əmanətlərinin qaytarılması bir bank üçün problem olmayacaq. Belə ki, “Kapital Bank” Azərbaycanın bütün regionlarını əhatə edən geniş filal şəbəkəsinə malik olduğundan ödəmələrin həyata keçirilməsində ciddi problemlərin olması gözlənilmir. Bununla bərabər, əlavə təşkilati tədbirlərin həyata keçirilməsi və “Kapital Bank”ın maddi-texniki bazasının daha da gücləndirilməsi nəzərdə tutulur.
Rəsmi məlumatda o da bildirilib ki, fərdi birdəfəlik ödəmələr əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilə bilər.
Maraqlıdır, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmanət kitabçaları problemi hansı formada həll ediləcək?
Maliyyə Nazirliyi suala belə cavab verib: “Banka təqdim edən əmanət kitabçasında olan məlumatlar Bankda olan sənədlərdəki məlumatlarla üzləşdiriləcək. Üzləşdirmə zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılacaq. Bilərəkdən sənədlərin saxtalaşdırılmasına, qanunsuz hazırlanmasına və saxta sənədlərdən istifadə olunmasına görə Azərbaycan Respublikası qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulub”.
Nazirlik itirilmiş və ya yarasız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə ödəmələrlə də bağlı açıqılama verib:
“Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda üzləşdirmə aparılacaq və əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bank sənədləri bu məqsədlə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyaya göndərəcək. Həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd veriləcək və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçiriləcək”.
Fərdi birdəfəflik ödəmələrdən vergi tutulmayacaq. Fərdi birdəfəlik ödəmələrin hesablanması üçün əmanətçilərə yardım etmək məqsədilə Maliyyə Nazirliyinin və “Kapital Bank” ASC-nin internet səhifələrində onlayn kalkulyator xidməti yaradılıb. Əmanətçilər həmin xidmət vasitəsi ilə əmanət qalıqlarını daxil etməklə alacaqları məbləğləri hesablaya biləcəklər.
Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilər də ödəmələri bankdan götürə bilərlər. Bunun üçün mövcud qanunvericliyə uyğun olaraq təsdiq olunmuş və Azərbaycan Respublikası tərəfindən tanınan etibarnaməyə ona əlavə olunan digər müvafiq sənədlər təqdim edilməklə fərdi birdəfəlik ödəmə bankdan götürülə bilər.
Banka təqdim olunmuş əmanət kitabçası ilə bankda olan məlumat arasında uyğunsuzluq olduqda bu məsələ də araşdırılacaq. Belə ki, birdəfəlik ödəmənin verilməsi ilə əlaqadar bankla əmanətçi arasında yaranan mübahisəli məsələlərə baxılması üçün Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiyanın yaradılması nəzərdə tutulub və əmanətçi həmin Komissiyaya müraciət edə bilər. Xüsusi Komissiya mübahisəni (uyğunsuzluğu) araşdıraraq müvafiq qərar qəbul edəcək. Həmin qərar bank üçün məcburi hüquqi qüvvəyə malikdir.
Xüsusi Komissiyanın qərarlarından məhkəməyə şikayət də verilə bilər. Yəni qüvvədə olan qanunvericilik buna imkan verir. Hər bir əmanətçinin Xüsusi Komissiyanın qərarından məhkəməyə şikayət etmək hüququ var.