Fərdi ev tikmək istəyənlərə şad xəbər var!
12 Sentyabr 2011 Bazar Ertəsi 11:01
Vətəndaş, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evi tikmək istəyirsə....
Bakı şəhərində fərdi ev tikmək istəyənlərə şad xəbər var. Milli.Az-ın məlumatına görə, ev tikmək üçün icra hakimiyyətindən sərəncam alınması lazım olmayacaq.

“Mülki Cəmiyyətə Doğru” Mərkəzin direktoru Abil Bayramov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Milli Məclis tərəfindən evlərin tikintisi ilə bağlı prosesləri ciddi surətdə sadələşdiriləcək təkliflər hazırlanıb. Ekspert qeyd etdi ki, təkliflərə görə, vətəndaş, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evi tikmək istəyirsə, bu zaman fərdi yaşayış evinin layihəsini ərizə ilə birlikdə götürərək, müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir: “Qanunvericiliklə ərizəyə baxılması üçün 1 ay müddət müəyyənləşdiriləcək. Bu müddət ərzində müvafiq icra hakimiyyəti orqanı vətəndaşın müraciətinə baxacaq. Əgər tikiləcək ev neft və qaz xəttinin üzərində, elektrik xəttinin altında deyilsə, eyni zamanda yaşayış məntəqəsinin ümumi planına uyğundursa, həmin vətəndaşın fərdi ev tikməsinə icazə veriləcək. Əgər bir ay müddətində vətəndaşın müraciətindən imtina olunmursa, bu, razılıq əlaməti hesab olunacaq və ev tikilə bilər. Söhbət mülkiyyət hüququna malik olan, vətəndaşa məxsus olan torpaqdan gedir”.

Millət vəkili Tahir Rzayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bütün tikililər üçün razılıq olmalıdır. Müəyyən olunub ki, ev 2 mərtəbədən artıqdırsa, buna icazəni Bakı Şəhər İcra Hakimiyyəti, kiçikdirsə, rayon icra hakimiyyətləri verir. Daha böyük evlər, yaşayış binaları tikilirsə, Fövqəladə Hallar Nazirliyi rəy verməlidir.

Millət vəkili əlavə etdi ki, sadəcə, yeni təkliflərə görə, bir pəncərə sisteminə keçilməsi nəzərdə tutulur: “Bir ev tikmək üçün 50 sənəd istəyirlər, insanların incidilməməsi üçün bu prosedur asanlaşdırılacaq ki, icazəni bələdiyyə və ya icra hakimiyyəti versin”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar