Əvəz Zeynallı barədə istintaq araşdırması başa çatıb
16 Aprel 2012 Bazar Ertəsi 01:45
“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində aparılan istintaq başa çatıb. APA-nın xəbərinə görə, bu barədə qəzetin internet ünvanında Ə. Zeynallının vəkili Elçin Sadıqova istinadən məlumat verilib.
Vəkilin bildirdiyinə görə, müdafiə etdiyi şəxsdən yekun ifadə alındıb və ona istintaqın başa çatdığı elan edilib.
Bu gündən prosedura uyğun olunaraq, ittiham olunan tərəf istintaq materialları ilə tanış olmağa başlayıb.
Vəkilin sözlərinə görə, Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311-ci maddəsindən əlavə, CM-nin 306 ( Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 213-cü (Vergi ödəməkdən yayınma) maddələri ilə də ittiham irəli sürülüb: “Əvəz Zeynallı və vəkillərin istintaq materialları ilə tanış olmasından sonra işin məhkəməyə göndərilməsi mümkündür“.
Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu il yanvarın 17-də və aprelin 12-də isə onun həbs müddəti məhkəmə qərarı ilə uzadılıb.
Xatırladaq ki, Ə. Zeynallı barədə istintaq araşdırmasını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.
DOSTLARINLA PAYLAŞ: