Eurovision üçün Crystall Hall tikintisi nə yerdədir?
28 Dekabr 2011 Çərşənbə 15:21
Crystall Hall işlər sürətlə gedir.
Artıq “Eurovision-2012” mahnı müsabiqəsinin başlanmasına 5 ay vaxt qalıb. Hələlik müsabiqənin harada keçirilməsi dəqiqləşməsə də, müəyyən ehtimallara görə, yarışma Bayraq Meydanında inşa olunan "Crystall Hall"da keçiriləcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, 2012-ci ilin əvvəllərində qaydalara uyğun olaraq bir daha təklif edilən 3 məkana baxış keçiriləcək və dəqiq qərar veriləcək.
“Hələlik “Eurovision-2012”nin keçiriləcəyi arena dəqiqləşdirilməyib. Amma Avropa Yayımlar Birliyinin şouya cavabdeh şəxsləri və digər ekspertlər müxtəlif yerləri nəzərdən keçiriblər. Tibilisi prospektində Heydər Əliyev adına İdman Konsert kompleksi, “Gənclik” metrostansiyası yaxınlığındakı Tofiq Bəhramov adına stadion və Bayraq meydanındakı inşa olunan “Crystall Hall". Düşünürəm ki, mahnı müsabiqəsinin keçirlməsi üçün ən əlverişli yer Bayraq Meydanındakı “Kristal Hall”dır. Hazırda burada sürətli iş gedir”.
Tahir Məmmədovun sözlərinə görə, “Kristal Hall”ın tikilməsində hələlik heç bir ləngimə getmir. Ərazidəki yolların abadlaşdırılması istiqamətində də işlər davam edir.
Hazırda Bayraq Meydanındakı yol yenidən qurulur. Yolun salınması “AzVirt” MMC tərəfindən həyata keçirilir. İş icraçısı Cəfərağa Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yolun uzunluğu 2842 kilometr, eni 41,50 metrdir. Yol 8 zolaqlıdır. Bura sürüşmə zonası olduğundan işlər müəyyən qədər ləng gedir. Hazırda ərazidəki çala-çuxurlar doldurulur, yolun sol və sağ tərəfindən divar beton svaylar vurulub. Yolun may ayına qədər təhvil veriləcəi planlaşdırılıb.
Qeyd edək ki, Bakıda böyük Avropa musiqi bayramı 22, 24 və 26 may tarixlərində qeyd ediləcək.