«Eurovision-2012»yə turpaketin ilkin qiyməti açıqlanıb
13 Sentyabr 2011 Çərşənbə Axşamı 12:32
Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb.


«APA-Economics»in Azərbaycan Turizm Assosiasiyasına istinadən verdiyi məlumata görə, turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.

Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.

Buna baxmayaraq, bu, turpaketin ilkin qiymətidir. Belə ki, mahnı müsabiqəsinə olan biletlərin qiymətləri hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, ötən il Almaniyada keçirilən «Evrovision-2011» müsabiqəsinin final mərhələsinə biletin qiyməti 300 avro təşkil edib.
Müsabiqə çərçivəsində bir turpaketin qiyməti isə 1 100 avro olub.

Xatırladaq ki, «Eurovision-2012» müsabiqəsi gələn ilin mayın 22-26-da Bakıda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar