ETSN:
05 Mart 2012 Bazar Ertəsi 12:47
Bakıda hava şəraiti yenidən kəskinləşib
Bakıda hava şəraiti yenidən kəskinləşib. Paytaxta səhər saatlarından sulu qar yağmağa başlayıb. Artıq sulu qar yağışa keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova ANS-ə bildirib ki, bu gün paytaxtda buludlu, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Güclü şimal-şərq küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gündüz saatlarında 5-8 dərəcə, axşam isə 3 dərəcəyə yaxın isti gözlənilir.

Bölgələrdə də, gündüz saatlarından başlayaraq yağıntının kəsiləcəyi gözlənilir. Martın 6-da və 7-də bölgələrdə və paytaxtda əsasən yağmursuz hava şəraiti gözlənilir. Martın 6-da 8-12, martın 7-də isə 5-8 dərəcə isti müşahidə olunacaq.

Qeyd edək ki, paytaxtda güclü şaxta olmadığından yolların buzlaşması problemi yaranmayıb. Buna baxmayaraq, yollarda tıxac və s. kimi bəzi fəsadlar var.

Əlverişsiz hava şəraiti hava nəqliyyatının işinə də təsir edib. Belə ki, bu gün səhər Tehran-Bakı aviareysi Azərbaycan paytaxtında eniş edə bilməyib. Buna səbəb güclü dolu yağması olub. "AzAL"-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin verdiyi məlumata görə, təyyarə səhər saat 06:57 radələrində Heydər Əliyev Aeroportundan Tehrana qayıdıb. Təyyarənin saat 11:10-da yenidən Bakıya gələcəyi gözlənilir.

Xatırladaq ki, ötən gecə Bakıdan Naxçıvana uçmalı olan reys də Muxtar Respublikaya güclü qar yağması səbəbindən təxirə salınmışdı. Həmin reys bu gün səhər saat 9:36-da həyata keçirilib və təyyarə artıq Naxçıvan aeroportuna eniş enib.

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda vəziyyətin normal olduğu, təyyarə reyslərinin qrafikə uyğun həyata keçirildiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar