Mayın 10-da erməni hərbçilərinə naməlum şəraitdə əsir düşmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Anar Xanbaba oğlu Hacıyevin qaytarılması istiqamətində danışıqlar aparılır. Bu barədə ANS PRESS-ə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov məlumat verib. Komissiya əsirin vəziyyətinin öyrənilməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi müraciət edib.
Hələlik ailəsinin yazdığı məktub da əsirə çatdırılmayıb. BQXK-nin Bakı nümayəndəliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumat görə, qurum nümayəndələri əsirlə növbəti dəfə görüşmədikləri üçün ailəsi tərəfindən mayın 13-də yazılmış məktub hələlik əsgərə çatdırılmayıb.
Xatırladaq ki, ötən ilin iyul ayında Goranboy Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Anar Hacıyev Füzuli istiqamətində matın 10-da əsir düşüb. Bununla da erməni əsirliyində olan azərbaycanlı əsgərlərin sayı ikiyə çatıb. Belə ki, ötən ilin oktyabr ayında əsir götürülən Rafiq Rəhman oğlu Həsənovun azad edilməsi istiqamətində Ermənistan tərəfi ilə davam edən danışıqlar hələ ki, nəticəsiz qalıb.
Esmira Cavadova /ANS PRESS/