Ərzaq məhsullarının qiyməti enir
07 Aprel 2009 Çərşənbə Axşamı 12:25
Ucuzlaşan məhsullar arasında toyuq əti, kərə yağı, yumurta, qarğıdalı yağı, un və makaron məmulatları üstünlük təşkil edir

Ötən ay Azərbaycanın böyük şəhərlərində ərzaq məhsullarının qiyməti orta hesabla 1,7 faiz aşağı düşüb. Ən çox ucuzlaşma Bakı, Gəncə və Qubada qeydə alınıb. Digər böyük şəhərlərdə, o cümlədən də Lənkəran, Naxçıvan və Mingəçevirdə isə ərzaq və kənd təsərrüfatı məhsulları üzrə qiymət enməsi 1,5 faiz olub. Ucuzlaşan məhsullar arasında toyuq əti, kərə yağı, yumurta, qarğıdalı yağı, un və makaron məmulatları üstünlük təşkil edir.
Ümumiyyətlə isə son bir ayda kənd təsərrüfatı məhsullarının qiyməti demək olar ki, dəyişməyib. Ekspertlər ölkənin böyük şəhərlərində qiymətlərin aşağı düşməsini alıcılıq qabiliyyətinin zəifləməsi, dünya iqtisadi böhranının təsiri ilə əlaqədar olaraq idxal olunan məhsulların ucuzlaşması və digər amillərlə izah edirlər. Yaxın günlərdə də qiymətlərin əsasən sabit və azalmaya meylli olacağı proqnozlaşdırılır. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar