"Endirimli qiymətlərlə mal alarkən diqqətli olun!"
12 Sentyabr 2011 Bazar Ertəsi 17:25
Endirim kampaniyası elan edən mağazalarda yoxlamalara başlanılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, H.Əliyev küçəsi, ev 4, mənzil 1ünvanında Fərid Şıxəliyevə məxsus uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrin üzərində iri hərflərlə “Endirim 70% bütün mallara” sözləri yazılsa da, mağazada satılan 133 çeşiddə uşaq geyimlərinə ümumiyyətlə endirim tətbiq edilmədiyi müəyyən olunub.

Bundan başqa, mağazada satışda olan və etiketlərində əvvəlki və hazırki qiymətlər göstərilmiş 85 çeşiddə uşaq geyimlərinə isə yalnız 40-60% endirim tətbiq edildiyi aşkar edilib.

Dövlət Xidməti istehlakçılara endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində alış-veriş edərkən diqqətli olmağı, endirimlərin reklamlarda göstərilən məlumatlara uyğunluğuna, malların üzərində malın adı, növü, habelə endirimdən əvvəlki və sonrakı qiyməti göstərilmiş müvafiq qiymət kağızının olmasına xüsusi diqqət yetirmələrini tövsiyə edir.

Araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar