Elmar Məmmədyarov Çin səfiri ilə görüşüb
14 Dekabr 2011 Çərşənbə 17:12
Cjan Yannyanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycandakı səfiri Cjan Yannyanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfir işlədiyi dövrdə ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini vurğulayaraq, Çin – Azərbaycan münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Səfir növbəti ildə iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyinin qeyd olunacağını vurğulayıb və bu illər ərzində Azərbaycanla Çin arasında qarşılıqlı etimadın yarandığını bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanla Çin arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib və qarşılıqlı səfərlər mübadiləsinin daha da genişlənməsinin vacibliyini vurğulayıb. Həmçinin, nazir Elmar Məmmədyarov ölkəmizin ərazi bütövlüyü ilə bağlı Çinin mövqeyini və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşmasını yüksək qiymətləndirib. Nazir bu yanaşmanı iki ölkə arasındakı münasibətlərin söykəndiyi əsas amillərdən biri olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Cjan Yannyana xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
DOSTLARINLA PAYLAŞ: