Bir il bundan əvvəl tikilən körpü təhlükəli vəziyyətə düşüb.
Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü leysan yağıb. ANS TV-nin bölgə müxbirinin məlumatına görə, intensiv yağan yağış Lənkəran şəhər küçələrində subasma hallarına səbəb olub. Su ötürücü kanallar yağış sularını çəkib apara bilmədiyindən bir çox həyətləri su basıb. Rayonun enerji təsərrüfatında da problemlər yaranıb. Dağlıq və dağətəyi kəndlərdə gecədən başlayaraq enerji verilməsində problemlər yaranıb. Lənkəran və Astara rayonlarında vəziyyət daha da pisdir. Çünki burada 10-a yaxın kənddə evləri və həyətləri su basıb.
Lənkəranın Astara ilə həmsərhəd kəndlərində həyətəri su basıb. Demək olar ki, həyətlərə girmək mümkün deyil.
Ələt-Astara yolunun 192-ci km-də nəqliyyatın hərəkəti iflic olub. Sel suları yolları yuduğundan nəqliyyatın hərəkəti çətinləşib. Bundan əlavə 30 kəndi ilə Astara ilə bağlayan yeganə körpü demək olar ki, dağılmaq üzrədir. Sakinlər bildirir ki, 1 il bundan öncə inşa edilən körpü hazırda keyfiyyətsiz vəziyyətə düşüb. Əhalinin həyətyanı sahəsində olan toyuq-cücə da tələf olub.