Eldar Novruzovun ölümü ilə bağlı mətbuat konfransı keçirilib
30 Sentyabr 2011 Cümə 18:17
"Əsgərin tutulduğu xəstəlik sistem xəstəliyi olub".
Azərbaycan Ordusunun əsgəri Eldar Novruzovun ölümü ilə bağlı mətbuat konfransı keçirilib. “Milaz” portalının məlumatına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov, Mərkəzi Hərbi Klinik Hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov, mərhum əsgərin müalicə həkimi, polkovnik-leytenant Vasif Adıgözəlov, hospitalın həkimi, tibb xidməti polkovnik-leytenant Elxan Muradov da iştirak ediblər.
Hospitalın rəisi Asif Qurbanov qeyd edib ki, əsgər Eldar Novruzovun hospitalda müalicəsinə bu il iyunun 29-dan başlanıb: “Əsgər bundan əvvəl əlahiddə tibb taborlarında və Gəncə hospitalında müalicə olunub. Gəncədə tövsiyə olunub ki, Bakıya göndərilsin. İyunun 29-da isə sol tərəfində xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə hospitala qəbul olunub. Xəstə qəbul edilərkən müalicə aparılıb”.
A. Qurbanov bildirib ki, müalicə müddəti bitəndən sonra xəstə hərbi həkim komissiyasına təqdim edilib, vəziyyətinin yaxşılaşdığı üçün ona 15 günlük məzuniyyət verilib. Avqustun 3-də isə xəstə əsgər yenidən həkimə müraciət edib. Əsgər həmin zaman məzuniyyətdə olduğu üçün yaşadığı ərazidə hərbi komendaturaya müraciət edərək müalicəyə göndərilib. Avqustun 4-də Sumqayıt Polis İdarəsinin göndərişi ilə Sumqayıtda əlahiddə tibb taboruna qəbul olunub, avqustun 5-də isə yenidən hospitala göndərilib: “Müalicə müddətində biz lazımı müayinə aparmışıq. Müdafiə nazirinin əmrinə əsasən, bizim xəstələri Səhiyyə Nazirliyinin istənilən tibb məntəqəsində müalicə etmək səlahiyyətimiz var. Eldar Novruzov da Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna aparıldı”. Onun sözlərinə görə, bu zaman əsgərin valideynləri hospitala müraciət edərək övladlarını Türkiyədən gələn həkimə göstərmək üçün icazə istəyiblər: “Sentyabrın 9-da buna icazə verdik. Biz başqa diaqnoz qoymuşduq. Amma nəticələr fərqli oldu. Biz belə düşünmürdük. Türkiyəli həkim də müvafiq müayinə apardı, onda şübhə yaranmışdı. Amma xəstəyə vizual baxışda belə, xəstəlik görünmürdü. Çürümə əlamətləri yox idi. Histoloji müayinədən sonra bu şübhələr ortaya çıxdı”.
A. Qurbanov bildirib ki, şübhələr ortaya çıxandan sonra əsgərin müayinəsinə başlanılıb və əsgərdə veqener qranulematoz xəstəliyi aşkarlanıb: “Etiraf edirəm ki, bu xəstəliyə mənim praktikamda rast gəlinməyib. O səbəbdən bu xəstəliyin diaqnozunda əlamətləri ortaya çıxmadığı üçün şübhələnməmişdik. Valideynlər çox təkid etdilər ki, əsgər Gülhanəyə göndərilsin. Biz onun burada əməliyyat olunmasını təklif edəndə qəti etiraz etdilər. Biz müalicə apardıq. Amma əsgərin valideynlərinə də deyə bilmirdik ki, onu nə gözləyir”.
Hospital rəisi qeyd edib ki, ümumiyyətlə, xəstə əsgərlərin Türkiyəyə göndərilməsi xüsusi qaydada həyata keçirilir: “Müdafiə nazirinin masasının üstündə xəstələrin siyahısı olur, onların heç də hamısı Gülhanəyə göndərilmir. Hansı xəstə getməlidir, sənədləri araşdırılır və qərarlar qəbul olunur. Eyni zamanda Türkiyə tərəfi ilə razılaşdırılır. Amma Eldar Novruzovla bağlı vəziyyət bir qədər fərqli oldu. Azərbaycan Ordusunun tarixində ilk dəfə idi ki, xəstə Türkiyə tərəfindən razılıq alınmadan Gülhanəyə göndəriləcəkdi. Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Ramiz Nəcəfov Türkiyənin Azərbaycandakı hərbi attaşesinə zəng elədi, razılıq aldıq”.
Müdafiə Nazirliyi Hərbi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov deyib ki, əsgərin müalicəsi və müayinəsi ilə bağlı hər hansı məsuliyyətsizliyindən və səhlənkarlığından söhbət gedə bilməz: “Orduda hər bir ölüm ən böyük itkidir. Şəxsən nazirin tapşırığı ilə buraya gəlmişik. Mənim fikrim ondan ibarət oldu ki, bu əsgərin ölüm səbəblərini aydınlaşdıraq. İlk növbədə ən böyük ağrı çəkənlər, ən böyük əzab çəkənlər mərhum əsgərin valideynləridir. Allah onlara səbr versin. İnanın ki, onlardan artıq həmin əzabı, həmin itkini hiss edirik. Əsas məqsədimiz belə bədbəxt hadisələrin baş verməməsidir. Vətəndaşlarımız ordumuza ürəklə getməlidirlər, ordumuz möhkəmlənməli, lazım gələn zaman düşmənə cavab verməlidir. Razıyam ki, əsgərin ölümündə günahkar şəxs dar ağacından asılsın. Müdafiə naziri şəxsən mənə göstəriş verib ki, məlumatları açıqlayım”.
İdarə rəisi mətbuatda əsgərin ölümü ilə bağlı nazirliyin ittiham olunmasına da münasibət bildirib: “Mətbuat yazır ki, müdafiə naziri Səfər Əbiyev özünü sığortalamaq üçün sonuncu gün belə qərar verib. Bu yalan söhbətdir, yalan fikirdir, gəlin yoxlayın, müdafiə naziri hər gün bizdən ağır xəstələr barədə məlumat alır, təhlil, izahat tələb edir, müalicə ilə maraqlanır. Azərbaycan və Türkiyə arasında dövlətlərarası müqaviləyə görə hər il Azərbaycandan 50 hərbi qulluqçu müalicə üçün Türkiyəyə göndərilə bilər. Bundan artıq mümkün deyil. Hər bir əsgər valideyni istəyər ki, övladını müalicə üçün oraya göndərsin, 50 nəfər yerinə 5 min nəfərin göndərilməsini istəyə bilərlər. Mediada yaranan fikir ondan ibarətdir ki, valideyn övladı üçün özü xərc çəkməlidir. Tam məsuliyyətlə deyirəm hansı formada olursa-olsun bahalığından, qiymətindən asılı olmayaraq orduda dərman qıtlığı yoxdur, əgər rəhbərlik bilsə ki valideyn özü dərman alıb, o zaman tədbir görüləcək. Siz konkret faktı deyin, sonra həmin həkimin gününə baxın”.
Daha sonra tədbirdə çıxış edən həkim Vasif Adıgözəlov bildirib ki, əsgər xidmətə gəlməzdən əvvəl xəstə olub: “Hərbi xidmətə çağırıldıqdan sonra keçirdiyi xəstəlikdən sonra vəziyyəti kəskinləşib və müxtəlif tibb məntəqələrində haymorit diaqnozu ilə müalicə olunub. İyunun 29-u bizə gələndən sonra kompyuter tomoqrafiya müayinəsindən sonra ona bir sıra xəstəliklərlə yanaşı burun boşluğunun polipi diaqnozu qoyuldu. İyunun 30-da nəticələr analizə göndərildi. İyulda analizin ilkin rəyi verildi. Şiş tapılmadı və xəstəlikdə iltihab prosesi aşkarlandı, bunun nəticəsi olaraq xəstəyə müalicə təyin olundu. Analizin nəticələrinə görə, xəstənin üzündə əməliyyat aparılmalı idi. Lakin valideynləri bundan imtina etdilər. Onlar dedilər ki, burun nahiyəsində əməliyyat istəyirlər. Beləliklə, burun tənəffüsünün bərpasına yönələn əməliyyat mənim tərəfimdən iyulun 7-də aparıldı. Sonradan müalicə müsbət effekt verdi. İyulun 20-də xəstə hərbi həkim komissiyasına təqdim olundu. Valideynlərə izah olundu ki, bu xəstəlik yenə təkrarlana bilər. Çünki radikal əməliyyat aparılmayıb. İyulun 25-də əsgərə hospitaldan 15 günlük məzuniyyət verildi. Amma xəstə avqustun 4-də yenidən bizə müraciət etdi. Təkrar müayinə etdik, müayinələr aparıldı və xəstənin qəbul olunması üçün hissə komandirinə müraciət olundu. Avqustun 5-də təkrarən bizim hospitala göndərildi. Daxil olan zaman xəstənin üzərində şişkinlik müşahidə olundu, amma burun tənəffüsü sərbəst idi. Xəstənin haymor boşluğunda dinamika müşahidə olunmamışdı, şişkinliklər vardı. Bu əslində müalicə olunmaz xəstəlik idi”.
Hospitalın immunologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Fuad Zeynalov əsgərin tutulduğu xəstəliyin sistem xəstəliyi olduğunu bildirib: “Bu xəstəlik bütün orqanları zədələyir. Novruzovun nümunəsində onu deyə bilərəm ki, bu xəstəlik bütün orqanları çürüdür. Bu xəstəliyin qarşısını almaq çətindir. Novruzovda bu xəstəlik immun sisteminin çatışmazlığı nəticəsində yaranıb. Belə xəstəliyin yaranmasına 1992-1993-cü illər səbəb olub. O dövrdə doğulan uşaqlarda immun çatışmazlığı müşahidə olunur. Çünki o dövrdə ölkədə qida çatışmazlığı olub”.
Əsgər Eldar Novruzovu sonuncu dəfə həyata qaytarmaq istəyən həkim Elxan Muradov isə bildirib ki, xəstəyə iynə təzyiqi düşdüyü üçün vurulub: “Arterial təzyiqi düşən, nəfəsi pozulan əsgərə ürəyi tənzimləmək üçün mezaton, kofein, kardiamin vurulur. İynə vurduqdan sonra Eldardan halını soruşdum. Dedi ki, elə bir şey yoxdur. Amma yolda gördüm təzyiqi düşür, bir ampula mezaton vuruldu. Buna baxmayaraq, əsgər kəskin ürək-ağciyər çatışmazlığından dünyasını dəyişdi”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: