Əfv sərəncamının icrasına başlanılıb
27 Dekabr 2011 Çərşənbə Axşamı 11:28
50-ci əfv sərəncamı ümumilikdə 92 məhkuma şamil edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı 92 məhkumun əfv olunması barədə sərəncamın icrasına başlanılıb. Trend-in məlumatına görə, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, bu, sayca 50-ci əfv sərəncamıdır. İndiyədək əfv sərəncamları ilə ümumilikdə 5314 nəfər əfv edilib.
"Bu, Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır. Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər", - Əlixanov deyib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova jurnalistlərə bildirib ki, əfvlə bağlı müraciətlərə fərdi yanaşılır.
"Əfv olunanlar arasında yenidən cinayət törədənlər olduqca azdır. Bu da onu göstərir ki, Əfv Komissiyası seçimlərini düzgün edir", - ombudsman qeyd edib.
Əfv sərəncamının icrası jurnalistlərin iştirakı ilə həyata keçirilir. Trend-in əməkdaşının olduğu 6 saylı cəzaçəkmə müssisəsində 7 məhkum əfv edilib.
50-ci əfv sərəncamı ümumilikdə 92 məhkuma şamil edilib. Bunlardan 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1-i şərti cəzadan, 2 məhkum islah işləri cəzasından, 14-ü isə cərimə cəzasından azad edilib.
DOSTLARINLA PAYLAŞ: