Dövlət Sosial Müdafiə Fondunun 3 məsul şəxsi barəsində cinayət işi başlanıb
10 Sentyabr 2011 Şənbə 02:25
Onlar külli miqdarda dövlət əməlakını talamaqda şübhəli bilinirlər.
Dövlət Sosial müdafiə Fondunun 3 məsul şəxsi barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) prokurorluğa daxil olmuş, qurumun Suraxanı şöbəsinin maliyyə-uçot sektorunun işçiləri tərəfindən pensiyaların ödənişi və uçotu sahəsində saxtakarlıq edilməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi barədə material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Səfər Hüseynov DSMF-nun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə şöbənin baş məsləhətçisi T.Kərimova, maliyyə üçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasiblər K.Hüseynova və qeyriləri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə 2008-2010-cu illərdə əvvəllər ailə başçısını itirməyə, əlilliyə və yaşa görə pensiya almış ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, cəmi 995 min 642 manat məbləğində pul vəsaitini köçürərək, vətəndaşların bilavasitə özlərindən və onların adından guya itirilmiş kart kimi sifariş verərək əldə etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini götürüb şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını talayıb.
Bundan başqa, istintaqla müəyyən edilib ki, Akif Sərkarov DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək 2009-2010-cu illərdə iki şəxsin adına köçürülmüş xeyli miqdarda, yəni 5.338 manat məbələğində özgə əmlakını talayıb, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək vəfat etmiş pensiyaçıların adlarına 8.758 manat məbləğində artıq ödənişlər edilməsi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurub.
Törətdiyi cinayət əməllərinə görə, Səfər Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, həmin şöbənin maliyyə uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov və qeyriləri cəmi 12 şəxs törətdikləri əməllərə görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama) 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vurulmuş zərərdən ibtidai istintaq zamanı 320 min manat vəsaitin dövlətə ödənilməsi təmin edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: