Dövlət qulluqçusu statusu ilə bağlı müəllim və həkimlərin maaşı xeyli artacaq
08 Sentyabr 2011 Cümə Axşamı 15:19
Dövlət qulluqçusu statusu ilə bağlı müəllim və həkimlərin maaşı xeyli artacaq. Bu haqda Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.
"Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqlarında xeyli artım olacaq. Artımın nə qədər olacağı hələ məlum deyil, amma hesab edirəm ki, bu rəqəm 40-50 faiz ola bilər". Bu haqda APA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi ilə bağlı qərarın hazırlanması üçün ölkə başçısının verdiyi müddət bu ay başa çatır: "Bu ay ərzində hökumət hazırladığı qərar layihəsini ya Milli Məclisə, ya da Prezidentə təqdim edəcək".

M.Quliyev bildirib ki, dövlət qulluqçusu statusu 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər: "Hesab edirəm ki, 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilən müəllim və həkimlərə də dövlət qulluqçusu adını vermək mümkün ola bilər. Amma bu məsələ ciddi ölçülüb-biçilməli və hesablanmalıdır. Çünki bu iş üçün xeyli miqdarda maliyyə vəsaiti cəlb edilməlidir".

Deputatın sözlərinə görə, qanunvericilik buna imkan verir: "Qanunvericiliyə görə, qanunun geriyə qüvvəsi o halda mümkündür ki, o insanların əvvəlki statusunu pisləşdirməsin, yaxşılaşdırsın. Bu məsələ də yaxşılaşdırıcı addım olduğuna görə, qanun geriyə də şamil oluna bilər. Yəni, qanun qəbul olunandan əvvəl təqaüdə çıxmış şəxslərə də şamil oluna bilər, qanunvericilik bunu inkar etmir. Amma maliyyə tutumu baxımından buna nə qədər imkan olacaq, onu demək hələ çətindir. Gərək hesablamalar aparılsın". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar