DİN-də İlham Əliyevin yubileyinə həsr olunan tədbir keçirilib
24 Dekabr 2011 Şənbə 18:26
Daxili işlər naziri Ramil Usubov prezidenti əlamətdar yubiley münasibəti ilə təbrik edib.
Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov İlham Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış, nüfuzlu siyasətçiləri tərəfindən xüsusi qeyd edilir, əldə olunmuş nailiyyətlər Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsi kimi dəyərləndirilir. Ölkəmizin iqtisadi qüdrətinin artması, müdafiə potensialının güclənməsi, bütövlükdə dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər İlham Əliyevə, hər bir Azərbaycanlının prezidenti kimi, xalqın dərin məhəbbətini qazanmış və yekdil dəstəyini təmin edib.
Nazir respublikamızda qanunların aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının, Azərbaycanın dünya birliyinin və Avropa ailəsinin nüfuzlu bir üzvü kimi tanınmasının, ölkəmizin beynəlxalq mövqelərinin günbəgün möhkəmlənməsinin məhz prezidentin uğurlu daxili və xarici siyasətinin, gərgin əməyinin və titanik səylərinin nəticəsi olduğunu bildirib. Eyni zamanda vurğulanıb ki, xalqımız və onun ayrılmaz hissəsi olan daxili işlər orqanlarının şəxsi heyəti dövlət başçısının hər bir vətəndaşın mənafeyinə xidmət edən yorulmaz fəaliyyətini, əldə edilən möhtəşəm nəticələri böyük rəğbətlə qarşılayır, ürəkdən dəstəkləyir və ölkəmizin gələcək tərəqqisini onun adı ilə bağlayır.
Çıxışının sonunda nazir R. Usubov İlham Əliyevi əlamətdar yubiley münasibəti ilə təbrik edib və əmin edib ki, şəxsi heyət ölkə vətəndaşlarının həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, müstəqilliyimizin əbədi olması üçün daim əzmlə çalışacaq.
DOSTLARINLA PAYLAŞ: