DİN-də Evrovision-2012 ilə bağlı müşavirə keçirilib
08 Noyabr 2011 Çərşənbə Axşamı 16:55
Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi ilə bağlı müşavirə keçirilib.
ANS PRESS DİN-in rəsmi saytına istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli Sərəncamı ilə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb, onun icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilib. Diqqətə çatdırılıb ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində DİN-in də üzərinə mühüm vəzifələr düşür.
Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev Daxili İşlər Nazirliyində planlaşdırılan hazırlıq işləri ilə bağlı məlumat verib.
Müşavirənin sonunda nazir R.Usubov ölkəmizin həyatında böyük ictimai hadisə sayılan bu tədbirlə bağlı ölkə Prezidentinin Sərəncamının icrasının təmin edilməsi, Təşkilat Komitəsinin iclaslarında qarşıya qoyulan məsul vəzifələrin həlli, müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi təmin olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoymuş, müvafiq tapşırıqlar verib.
DOSTLARINLA PAYLAŞ: