Ölkə

Dəmiryolu vağzalında qatarların sürətinə məhdudiyyət qoyulub

Nadir Əzməmmədov təhlükəsizlik məqsədilə belə addım atıldığını bildirib.

· Xəbərçi
Dəmiryolu vağzalında qatarların sürətinə məhdudiyyət qoyulub
Azərbaycan ərazisində havaların kəskin soyuması və avtomobil yollarının buz bağlaması dəmiryolunda sərnişin sıxlığına səbəb olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, son iki gün ərzində dəmir yolu ilə sərnişindaşıma 15% artıb.

“Bu gün dəmir yolunda sərnişinlərin daha çox olacağı gözlənilir və bu səbəbdən tələbatı ödəmək üçün qatarlara əlavə 15-20 vaqon qoşulub. Yəqin ki, bu gün də əlavə vaqon qoşmağa ehtiyac olacaq, artıq qoşmağa hazırlaşırıq. Təhlükəsizlik məqsədilə qatarların sürətinə məhdudiyyət qoyulub, ona görə də qatarlar gecikmə ilə gəlir. Əsas odur ki, gec gəlsinlər, amma salamat çatsınlar”.

N. Əzməmmədovun sözlərinə görə, ötən gündən başlayaraq onlar gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, gecikmələr beynəlxalq qatarlarda da müşahidə olunur. N.Əzməmmədovun sözlərinə görə, ötən gün Tümen qatarı Bakıya vaxtından gec gəlib, lakin bu gün səhər vaxtında geri qayıdıb.

Şərhlər