Dəmir yolu və avtovağzal gücləndirilmiş iş rejiminə keçib
05 Noyabr 2011 Şənbə 21:10
Qurban bayramı ilə əlaqədar marşrutlara buraxılacaq avtobusların və vaqonların sayı artırılacaq.
Bayram tətilinin başlaması ilk növbədə dəmiryol və avtovağzalda hiss olunub. Sərnişin sıxlığı nəzərə alınaraq xəttə əlavə qatar və avtobuslar buraxılıb.
Rahat və əlverişli nəqliyyat vasitəsi kimi, vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verdiyindən, Qurban bayramı günlərində dəmir yolu gucləndirilmiş iş rejiminə keçib. Bu barədə məlumat verən Azərbaycan Dəmir Yolları İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov onu da bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün bayram günlərində Bakı-Böyük Kəsik istiqamətində əlavə vaqon qoşulub.
N. Əzməmmədovun sözlərinə görə, sərnişin sıxlığından asılı olaraq, hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulması təmin ediləcək və sərnişinlər qatara bileti 10 gün qabaqcadan ala biləcəklər.
Qurban bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi də gücləndirilmiş iş rejimində çalışacaq. Əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq. Əgər adi günlərdə xəttə 370-420 avtobus buraxılırdısa, bayram günlərində onların sayı 510-540-a çatdırılacaq.
“M-Trans” MMC-nin şöbə müdiri Məhəmməd Abdullayevin sözlərinə görə, tədbir planına uyğun olaraq ehtiyat avtobuslar istifadəyə verilib: “Hazırki saata qədər 580 avtobus 12 000 sərnişin yola düşüb. Heç kim vağzalda qalmayacaq”.
Ümid edirik ki, sərnişinlər bayramı evlərində isti ocaqlarında qeyd edə biləcəklər.
DOSTLARINLA PAYLAŞ: