Bu gün səhər saat 11.00 radələrindən etibarən Daşkəsən rayonunda qasırğa müşahidə olunub. Bir neçə saat əsən güclü külək əsasən rayonun Xoşbulaq, Zağalı, Qazaxyolçular, Qaraqollar kəndlərinə ziyan vurub. Burada sakinlərə məxsus tikililərin dam örtükləri, elektirk təsərrüfatı, rabitə xətləri yarasız vəziyyətə düşüb. Təkcə Xoşbulaqda 200-dən çox evin dam örtüyünü külək qoparıb, 10-dan çox elektirk dirəyi aşıb. Kənddə iki məktəbin və digər sosial binaların da dam örtüyü yararsız hala düşüb. Zağalı kəndi icra nümayəndəsi Nizami İmanov evlərdən 50 faiz qədərinə ziyan dəydiyini, kənddə elektrik və rabitə olmadığını bildirib.
Qasırğa nəticəsində Xoşbulaq kənd xəstəxanasının dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Bundan başqa, güclü küləyin əsməsi ilə Xoşbulaq kəndində sakinlərdən birinin evində yanğın baş verib. Belə ki, elektrik xəttlərinin altında yerləşən evin həyətindəki ot tayasının alışması nəticəsində alov dam örtüyünə də keçib. Lakin yanğınsöndürənlər alovun yayılmasının qarşısını ala biliblər.
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Mövsüm Hüseynov bildirib ki, qasırğa nəticəsində hazırda 10-12 kənd enerjisiz qalıb. Mövsüm Hüseynov həmin kəndlərə verilən elektrik enerjisi dirəklərinin Xoşbulaq kəndindən keçdiyini deyib. Hazırda təbii fəlakətin rayona vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər gedir və zərər həcminin müəyyən edilməsi üçün FHN-dən mütəxəssislər dəvət olunub. Qeyd edək ki, Daşkəsən rayonunda bu cür güclü küləklə müşahidə edilən qasırğa sonuncu dəfə dörd il bundan öncə baş vermişdir. /ANS TV/