Cəzaçəkmə müəssisələrində peşə kurslarının açılışı olub
06 May 2009 Çərşənbə 13:35
Bu il isə 400 məhkumun peşə kurslarına cəlb edilməsi nəzərdə tutulub

Mayın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində peşə kurslarının açılışı keçirilib. ANSPRESS-in məlumatına görə, tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, cəzaçəkmə müəssisələrində peşə kurslarının açılması ilə bağlı müzakirələr 2007-ci ildən gündəmdə olub. Nəhayət, ötən ildən kursların təşkilinin icrasına başlanılıb. Ötən il peşə kurslarına ümumilikdə 80 məhkum cəlb edilib. Bu il isə 400 məhkumun peşə kurslarına cəlb edilməsi nəzərdə tutulub. Lakin Penitensiar Xidmətin rəhbərliyi gələcəkdə daha çox məhkumun peşə fəaliyyətinə cəlb olunmasını qərara alıb.
Qadın Cəzaçəkmə Müəssisəsində modelçi dərzi kursları, gözəllik salonu, xalça sexi və kompüter kursları fəaliyyət göstərəcək. Məhkum qadınlar növbəli şəkildə peşələrə yiyələnəcəklər. Belə ki, ilkin olaraq xalça sexində 43, gözəllik salonunda 16, tikiş sexində 16, kompüter kursunda isə 12 məhkum qadın peşə öyrənəcək. Kursları bitirmiş məhkum qadınlara Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən peşə sertifikatları veriləcək. Qadınların cəzaçəkmə müəssisəsində konkret peşəyə yiyələnmələri azadlığa çıxarkən cəmiyyətə rahat şəkildə adaptasiya olunmalarında və işsizlik problemlərinin həllində böyuk rol oynayacaq.
Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində isə məhkum uşaqlar üçün kompüter kursları fəaliyyətə başlayıb. 6 ədəd kompüter məhkum uşaqların ixtiyarındadır və onların hər biri 2 ay müddətinə kompüter biliklərinə yiyələnə bilərlər.
Məhkumlara Təhsil Nazirliyinin 18 saylı peşə məktəbinin müəllimləri dərs keçirlər.

Esmira Cavadova /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar