Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
14 Yanvar 2012 Şənbə 17:36
Zaur Abdullayev: “Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olub”.
Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.
Tədbirdə çıxış edən R.Usubov qeyd edib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurmuş, ümumilikdə, cinayətlərin, xüsusən onun ağır növlərinin azalması tendensiyası davam edib.
Daha sonra hesabat dövründə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O, qeyd edib ki, alayın şəxsi heyəti tərəfindən ölkənin qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, DİN rəhbərliyinin əmr, göstəriş və tapşırıqları rəhbər tutularaq 2011-ci ildə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, ictimai asayişin təmini, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı vəzifələrin icrası məqsədyönlü şəkildə davam etdirilib. Alaya təhkim olunmuş ərazidə kriminogen durum, o cümlədən törədilmiş cinayətlər, axtarışda olan şəxslər, nəqliyyat vasitələri və s. barədə şəxsi heyətin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyəti olan naryadların xidmət qabağı təlimatlandırılması işinin təkmilləşdirilməsi məqsədilə lazımi təşkilati tədbirlər görülüb.
Z. Abdullayev bildirib ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 777 nəfərin, o cümlədən soyğunçuluğa görə 87, oğurluğa görə 248, xuliqanlığa görə 156, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 161, dələduzluğa görə 19, digər cinayətlərə görə 33, habelə axtarışda olan 125 şəxsin tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 17 min 237 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olub.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkəmizdə sabitliyin, etibarlı qorunduğunu, belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını bildirib. R. Usubov son illər Çevik Polis Alayının professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, dövlətçiliyin qorunmasında, ölkəmizdə, xüsusən paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb. Daxil İşlər Nazirliyi rəhbərliyinin Çevik Polis Alayının şəxsi heyətinin peşəkarlığına, dövlətçiliyə, Vətənə sədaqətinə inandığını və güvəndiyini diqqətə çatdıran cənab Ramil Usubov əmin olduğunu bildirib ki, Alayın əməkdaşları cari ildə də qarşıya qoyulan bütün məsul tapşırıqların öhdəsindən layiqincə gələcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.
DOSTLARINLA PAYLAŞ: