Çempionlar Liqası: İnter Trabzonspora qalib gələ bilmədi
23 Noyabr 2011 Çərşənbə 02:14
“Real” isə “Neftçi”nin qəniminə Madriddə divan tutdu.
Çempionlar Liqasında beşinci turun qarşılaşmaları keçirilib.

Türkiyənin “Trabzonspor” klubu öz meydanında Milan “İnter”ini qəbul edib. Dünyanın ən titullu klublarından olan “İnter” birinci turdakı məğlubiyyətin əvəzini çıxa bilməyib. Komandalar cavab oyunundan sülhlə ayrılıblar. Qarşılaşmada hesabı qonaqlar açıblar. 18-ci dəqiqədə Rikardo Alvares fərqlənib. Bundan cəmi 10 dəqiqə sonra isə “Trabzonspor” Halil Altıntopun qolu ilə hesabı bərabərləşdirib. Bundan sonra oyunda qol olmayıb - 1:1. Beləliklə, “Trabzonspor” xallarının sayını 6-ya çatdırıb və qrup ikinciliyinə yüksəlib. Heç-heçəyə baxmayaraq, 10 xal toplayan “İnter” isə növbəti mərhələyə vəsiqəni təmin edib.

Qrupda keçirilən digər qarşılaşmada isə Moskva ÇSKA-sı öz meydanında Fransanın “Lill” klubuna məğlub olub - 0:2.

İlk oyun gününün ən böyük hesabı Madriddə qeydə alınıb. “Real” klubu Bakının “Neftçi” komandasını Çempionlar Liqasındakı mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”sunu darmadağın edib - 6:2. “Real” oyunda rekorda da imza atıb: ilk 20 dəqiqədə 4 qol vurulub.

Günün bütün oyunlarının nəticələri:

A qrupu

“Napoli” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:1
“Bavariya” (Almaniya) - “Vilyareal” (İspaniya) - 3:1

Turnir cədvəli: “Bavariya” - 13 xal, “Napoli” - 8, “Mançester Siti” - 5, “Vilyareal” - 0.

B qrupu

ÇSKA (Moskva, Rusiya) - “Lill” (Fransa) - 0:2
“Trabzonspor” (Türkiyə) - “İnter” (İtaliya) - 1:1

Turnir cədvəli: “İnter” - 10, “Trabzonspor” - 6, “Lill” - 5, ÇSKA - 5.

C qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 2:2
“Otselul” (Rumıniya) - “Bazel” (İsveçrə) - 2:3

Turnir cədvəli: “Benfika” - 9, “Mançester Yunayted” - 9, “Bazel” - 8, “Otselul” - 0.

D qrupu

“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 0:0
“Real” (Madrid, İspaniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 6:2.

Turnir cədvəli: “Real” - 15, “Ayaks” - 8, “Lion” - 5, “Dinamo” - 0.


DOSTLARINLA PAYLAŞ:

oyunlar