Bu il korrupsiya ilə əlaqədar 211 şəxs barəsində cinayət işi açılıb
02 Dekabr 2011 Cümə 15:33
Onların arasında sabiq müstəntiq də var.
2011-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Baş Prokurorluğun yadığı məlumata görə, bu cinayətlər əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisindən keçən hissəsinin "Sumqayıt Tikinti Quraşdırma-2" Açıq Səhmdar Cəmiyyətin və "Vaqif-Metal" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən demontaj olunaraq naməlum istiqamətdə aparılmasına dair toplanmış material üzrə cinayət işi başlanılıb istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, "Vaqif Metal" MMC-nin icraçı direktoru Namiq Qasımov və "Sumqayıt Tikinti Quraşdırma-2" ASC-nin sədri Hüseyn Qasımov qabaqcadan əlbir olub qulluq mövqelərindən istifadə etməklə guya "Sumqayıt Tikinti Quraşdırma-2" ASC-nin mülkiyyətində olan Ağçay, Qaraçay və Zaqacuq çaylarının üzərindən keçən dükerlərin metal konstruksiyalarının çıxarılması, kəsilməsi, yüklənməsi, daşınması və satılması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan podrat müqaviləsi bağlayaraq, eləcə də həmin müqaviləyə əsaslanaraq digər rəsmi sənədlər tərtib etməklə, vəzifə saxtakarlığı etmişdir. Onlar həmin saxta sənədlərdən istifadə edib, 2011-ci ilin mart-may aylarında 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisində Ağçay üzərindən keçən açıq sahədə yerləşən dükerin ümumi çəkisi 140 ton 103 kiloqram olan metal konstruksiyaları ağır texnika və xüsusi avadanlıqdan istifadə etməklə yerindən söküb çıxararaq, qara metal kimi orta bazar dəyəri 9.8 min manat təşkil edən külli miqdarda əmlakı aldatma yolu ilə ələ keçirməklə dələduzluq ediblər.
Namiq Qasımov və Hüseyn Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, poçt xidmətlərindən əldə olunan vəsaitlərin talanması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Faxrəddin Bağırov Gəncə Regional Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində işləyərkən özgə əmlakını talama məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə gündəlik poçt xidmətlərindən əldə olunan ümumilikdə 6.9 min manat məbləğində pulu aylıq hesabatlara az mədaxil etməklə, həmçinin 31 dekabr 2010-cu il tarixdə limitdən artıq valyuta kimi kompüterlə elektron variantda Müştəri Xidmətləri şöbəsindən poçt filialının Baş Xəzinəsinə göndərməsinə baxmayaraq Baş Xəzinəyə təhvil vermədiyi 10.8 min ABŞ dollarını, eləcə də Müştəri Xidmətləri şöbəsinin xəzinəsindən 516 ABŞ dollarını, 14.6 min manat nağd pulu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahan kartları, telefon aparatı, "tale açarı" lotereyası və AZTİT kartlarından ibarət ümumilikdə 3.7 min manat dəyərində digər maddi qiymətliləri götürüb ona etibar edilmiş cəmi 11.4 min ABŞ dolları və 25.2 min manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb.
Faxrəddin Bağırova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər bir cinayət işi "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialında vəsait çatışmazlığı faktına görə başlanıb.
İstintaqla müəyyən edilib ki, İbrahim Kərimov "Aqrolizinq" ASC Zaqatala filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 147.2 min manat dəyərində 1.3 ton azot gübrəsini 50 və 70 faiz güzəştlə, 6.7 min manat dəyərində 39.5 ton mineral superfosfat gübrəsini isə 70 faiz güzəştlə rayon sakinləri və sahibkarlara sataraq külli miqdarda, yəni 33.6 min manat pulu mənimsəmə yolu ilə talayıb.
İş üzrə İbrahim Kərimova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Müəyyən edilib ki, Tərlan Əliyev qeyd edilən vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayev ilə əvvəlcədən razılaşaraq, sonuncunun 41.0 min ABŞ dolları verəcəyi təqdirdə istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edərək bunun üçün Mehdi Ağayevdən 22.0 min ABŞ dollarını alıb. Lakin onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlmişdir. T.Əliyev cinayət işinin 24 fevral 2010-cu il tarixdə baxılması üçün məhkəməyə göndərilməsinə və həmin tarixdən təqsirləndirilən şəxs Vaqif Ağayevin məhkəmənin hesabına keçirilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Bakı şəhər 7 saylı Dövlət Notariat kontorunun notariusunu notariat əməliyyatı aparılmasından ötrü təcridxanaya buraxılmasına dair məktub hazırlayıb notariusun İstintaq Təcridxanasına buraxılmasını təşkil edib. Etibarnamə əsasında Sumqayıt şəhərindəki evin satışından əldə olunmuş 19.0 min ABŞ dollarını Mehdi Ağayevdən almış, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 may 2010-cu il tarixli hökmü ilə Vaqif Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azaldıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra Mehdi Ağayevin tələbi ilə aldığı pulun 20.0 ABŞ dollarını qaytarmış, 21.0 min ABŞ dollarını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.
Tərlan Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 83 cinayət işinin istintaqı davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: