Bu gün Milli Qəhrəmanların doğum günüdür
20 Sentyabr 2011 Çərşənbə Axşamı 11:03
Sentyabrın 20-də Arif Qubadov və Vahid Quliyevin ad günləri qeyd edilir
Bu gün Milli Qəhrəmanlar Arif Qubadov və Vahid Quliyevin doğum günüdür.

Arif Vəliş oğlu Qubadov 1966-cı il sentyabrın 20-də Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olub. O, 1992-ci ildə Milli Orduya daxil olub, zabit kimi ilk döyüşlərinə Naxçıvanın Sədərək bölgəsində başlayıb, onun komandiri olduğu batalyon qəhrəmanlıqla vuruşub, 1993-cü ildə dəstəsi ilə birlikdə cəbhənin Ağdam istiqmətinə göndərilib. Əfətli və Yusifcanlı kəndlərinin müdafiəsində xüsusi sücaət göstərib, 1993-cü ilin avqustunda Füzuli, 1994-cü ildə Tərtər və Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Ona 1995-ci il aprelin 4-də Milli Qəhrəman adı verilib. Atəşkəs dövründə də polkovnik-leytenant rütbəsində hərbi xidməti davam etdirib, N saylı hərbi hissənin komandir müavini vəzifəsində çalışıb. 2009-cu il sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Əliqasımlı kəndində dəfn edilib.

Vahid Həbibulla oğlu Quliyev- 1955-ci il sentyabrın 20-də Cəbrayıl rayonu Qumlaq kəndində anadan olub. O, 1992-ci ilin avqustunda zabit kimi könüllü olaraq Milli Orduya daxil olub, həmin il sentyabrın 7-də Ağdam istiqamətində ilk döyüşə girib, həmin döyüşdə düşmənin bir tankını vurub, az sonra cəbhənin Qubadlı istiqmətinə göndərilib, orada da rəşadətlə vuruşub, 1994-cü ilin fevralında yenidən Ağdam istiqamətinə qaytarılıb, atəşkəs dövrünə qədər düşmənin 8 tankını, 2 piyada döyüş maşınını məhv edib. O, 2002-ci ilə kimi müxtəlif ali məktəblərin hərbi kafedralarında müəllim işləmiş, polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdır. Ona 1994-cü il noyabrın 9-da Milli Qəhrəman adı verilib. Hazırda Bakı şəhərində yaşayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar