Bu gün İlaxır çərşənbədir
13 Mart 2012 Çərşənbə Axşamı 13:22
İnanclara görə, "Torpaq Çərşənbəsi"ndə torpaq artıq əkinə hazır olur
Bu gün sonuncu - İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır Çərşənbə ilə yanaşı, “Yer Çərşənbəsi" və ya “Torpaq çərşənbəsi” də deyirlər. İnanclara görə "Torpaq Çərşənbəsi"ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır Çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər.

Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar.

Duzlu kökə yemək. Axır çərşənbə axşamı duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək qismətini görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

İlaxır Çərşənbəniz mübarək!


DOSTLARINLA PAYLAŞ:

oyunlar