Bu gün Bakıda avtobuslar qısaldılmış qrafiklə işləyəcək
02 Fevral 2012 Cümə Axşamı 11:24
Güclü qar yağması ilə əlaqədar Azərbaycan paytaxtında marşrutlara 3 dəfə az avtobus buraxılıb.
Azərbaycan ərazisində güclü qar yağması və çovğunla əlaqədar Bakıda şəhərdaxili marşrutlarda işləyən avtobusların sayı üç dəfə azaldılıb. Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu gün şəhər daxilində 720-yə yaxın avtobus marşrutlara buraxılıb. Müqayisə üçün bildirək ki, adi günlərdə paytaxtdaxili marşrutlarda 2300-2400 avtobus işləyir. İşləyən avtobuslar əsasən şəhərin mərkəzi və aşağı (dağlıq olmayan) hissələrini əhatə edir.
Lakin bu avtobusların da bir hissəsi yaxın vaxtlarda xətdən çıxarıla bilər və bunun səbəbi şəhərin bəzi yerlərində hərəkətin mümkünsüz olmasıdır: «Yeni Günəşli, Hövsan, Əhmədli və sair istiqamətlərdə hərəkət çətinləşdiyinə görə, avtobuslar hərəkət edə bilmir. Hövsan-Zığ istiqamətində isə tunel qarla dolub deyə işləmək çətindir. Ona görə də həmin avtobuslar yaxın saatlarda qaraja qaytarılacaq. Çünki sərnişinlərin təhlükəsizliyi üçün bu daha məqsədə uyğun addımdır».
N.Həsənov bildirib ki, hava şəraiti ilə əlaqədar avtobusların iş qrafiki bu gün bir qədər də qısalacaq. Qeyd edək ki, havaların kəskin soyuqlaşdığı və qar yağdığı son bir neçə gün ərzində şəhərdaxili marşrutlarda avtobuslar saat 22:00-dək işləyib. Bu gün isə iş vaxtı bir qədər də azalacaq: «Hava belə davam etsə, avtobuslar saat 20-21-dək işləyə biləcək».
Katibliyin başçısı avtobusların hərəkəti ilə bağlı şikayət və müraciətlər üçün Nazirliyin «Qaynar xətt»ini də xatırladıb: (012) 562-77-02, (012) 431-74-37.
DOSTLARINLA PAYLAŞ: