Bu gün 2 Milli Qəhrəmanın ad günüdür
02 Dekabr 2011 Cümə 13:01
Qəhrəmanlar unudulmur! 2 dekabrda Ənvər Arazov və Yusif Əliyevin doğum günüdür.
Bu gün Azərbaycanın 2 Milli Qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2 dekabrda Ənvər Arazov və Yusif Əliyevin doğum günüdür.

Belə ki, Ənvər Talış oğlu Arazov 1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olub. O, cəbhənin Goranboy, Ağdərə, Ağdam və digər istiqamətlərində polis (milis) zabiti kimi sücaətlə döyüşüb. Onun başçılıq etdiyi dəstə bir sıra uğurlu əməliyyat həyata keçirib, 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağın Sırxavənd kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Milli Qəhrəman Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Yusif Əliyusif oğlu Əliyev 1963-cü il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində anadan olub. O, 1990-cı ilin avqustundan polis (milis) nəfəri kimi cəbhəyə yola düşüb, Goranboy rayonunun kəndlərinin müdafiəsində fəal iştirak edib, 1991-ci il sentyabrın 14-də Buzluq kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. O Ağsu rayonu Rəhimli kəndində dəfn edilib.

Qeyd edək ki, Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb Yusif Əliyevin adını daşıyır, məktəbdə büstü qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar