“Biz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik”
20 Sentyabr 2011 Çərşənbə Axşamı 00:53
“Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin abidəsi ucaldılacaq”
“Bir daha görürük ki, bizim nə qədər zəngin musiqi mədəniyyətimiz vardır - həm klassik əsərlər, həm bəstəkarların əsərləri, həm milli musiqimiz. Bizim musiqimiz bizim milli sərvətimizdir. Biz musiqi irsimizi həm qorumalıyıq, həm musiqimizi inkişaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün daha da böyük işlər görməliyik”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə çox böyük hörmətlə yanaşır və yanaşacaq. Dövlət başçısı bildirib ki, yaxın zamanlarda Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin də Bakı şəhərinin mərkəzində abidəsi ucaldılacaq.
“Biz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik”, - deyən İlham Əliyev bəyan edib ki, bu gün müstəqil Azərbaycan özünü dünyada mədəni ölkə kimi təqdim edir: “Bizim bütün digər sahələrdə əldə etdiyimiz uğurlarla bərabər, bu sahədəki uğurlar da məni xüsusilə sevindirir. Gənclərimiz beynəlxalq musiqi festivallarında, müsabiqələrdə ən yüksək yerləri tuturlar. Bu gənclər müstəqillik dövründə yetişmişlər. Bizim tanınmış bəstəkarların, şairlərin, yazıçıların əsərləri beynəlxalq aləmə çıxır, müxtəlif ölkələrin səhnələrində nümayiş etdirilir. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün dünyanın ən böyük paytaxtlarında Azərbaycan günləri keçirilir. Ölkəmizdə bir qayda olaraq musiqi festivalları keçirilir. Bütün teatrlarımızda təmir işləri aparılıb və bu işlər davam etdirilir. Bütün muzeylərdə təmir işləri aparılıb və yeni muzeylər yaradılır. Müasir İncəsənət Muzeyi, Dövlət Bayrağı Muzeyi yaradılıb. İstiqlal Muzeyinin yaradılması ilə bağlı işlər gedir. Qədim tariximizi əks etdirən Qala Arxeoloji-Etnoqrafik Muzeyi fəaliyyətə başlayıb. Yəni, bizim doğrudan da çox zəngin tariximiz və çox böyük mədəniyyətimiz var”.
Dövlət başçısı qeyd edib ki, gənclərimiz milli musiqiyə çox böyük maraq göstərirlər: “Çünki indiki zəmanədə, qloballaşan dünyada, bilirsiniz, bəzi hallarda gənclər doğma olmayan musiqiyə daha çox üstünlük verirlər. Azərbaycanda isə biz bunun əksini görürük. Gənclərimiz milli ruhda böyüməlidirlər. Bizim gözəl musiqi əsərlərimiz onlar üçün tanış olmalıdır. Əlbəttə, sizin - görkəmli mədəniyyət xadimlərinin işi və bu sahədəki fəaliyyəti çox böyük əhəmiyyətə malikdir. Mən çox şadam ki, gənclərimiz muğam sənətinə çox böyük həvəslə yanaşırlar. Hətta estradamızda da milli motivlər, milli təranələr üstünlük təşkil edir. Biz bunu qorumalıyıq, saxlamalıyıq. Çünki hər bir xalqın milli mənliyinin qorunması üçün onun mədəniyyəti, incəsənəti, musiqisi, dili və tarixi başlıca rol oynayır. Biz onilliklər, yüzilliklər ərzində başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi saxlaya bilmişik, həmçinin incəsənət, ədəbiyyat, musiqi sahəsində. Gələcək nəsillər üçün də bu, bir örnəkdir”.
DOSTLARINLA PAYLAŞ: