Bilik günü - yeni məktəbli formaları
15 Sentyabr 2011 Cümə Axşamı 12:32
Biləcəri məktəblərindən fotoreportaj
Respublikada orta və ali təhsil müəssisələrində yeni tədris ili başladı. Bu gün məktəblərə ilk qədəm qoyan uşaqlar üçün daha əlamətdar idi. ANS PRESS bu dəfə Binəqədi rayonu Biləcəri qəsəbəsindəki orta məktəblərdə oldu.



Biləcəri qəsəbəsində Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseyində hər kəs bilik gününə hazır idi. Məktəbin direktoru Solmaz Kazımova ANS PRESS-ə açıqlamasında bu il məktəbdə 1600-ə yaxın şagirdin təhsil alacağını bildirdi.



1600 şagirdin 400-ü rus bölməsinin payına düşür. Bu il birincilərin sayı 230-dur ki, onlardan 22 nəfər rus bölməsində təhsil alacaq. XI sinif şagirdlərinin sayı isə 80 nəfərdir. Məktəb direktoru bu ildən yaşı 65-dən yuxarı olan 5 nəfər müəllimin işdən azad olunduğunu bildirdi. Lakin məktəbə əlavə müəllim qəbul olunmayıb. Solmaz Kazımovanın sözlərinə görə, hələlik məktəbdə müəllim çatışmazlığı hiss olunmur.

Məktəb binasının isə təmiri natamam idi. Binanın müəllim və valideynlərinin hesabına müəyyən qədər təmir olunduğunu bildirən Solmaz Kazımova məktəbin əsaslı təmirinə ehtiyacı olduğunu dedi. Şagirdlərin əksəriyyəti məftəbli formasında idi, lakin adi geyimdə dərsə gələnlər də vardı. Məktəb direktoru bunu vahid mətkəbli formasının satışında yaranan növbələrlə əlaqələndirdi.



Biləcəri qəsəbəsində yerləşən İlqar Məmmədov adına 298 saylı orta məktəbdə də olduq. Məktəb direktoru Şaiqə Hüseynova ANS PRESS-ə açıqlamasında bu il məktəbdə 800 şagirdin təhsil aldığını bildirdi. Onlardan 70 nəfəri birincilərin payına düşür. Məktəbdə 60 nəfər XI sinif şagirdi təhsil alacaq.

Məktəbin təmirinə gəlincə, bundan danışmağa dəyməz. İlk görünüşdən məktəbdə 10 ildən artıq təmir işlərinin aparılmadığı hiss olunur. Məktəbdə yaşı 65-dən yuxarı olan 10 nəfər müəllim ixtisar edilib, amma hələlik məktəbdə müəllim çatışmazılığı hiss edilmir.



Biləcəri qəsəbəsində Q.Abbasov adına 284 saylı orta məktəbdə isə vəziyyət müəyyən qədər yaxşıdır. Lakin buranın da təmirə ehtiyacı var. Məktəbdə 1650 şagird təhsil alır, onların 130 nəfəri rus bölməsinin payına düşür. I sinif şagirdlərinin sayı 170 nəfərdir. Məktəb direktoru Təşkilat Əliyev ANS PRESS-ə açıqlamasında məktəbin yeni tədris ilinə tam hazır olduğunu bildirdi. Məktəbdə yaşı 65-dən yuxarı olan 5 müəllim işdən azad olunub. Məktəb direktoru hələlik məktəbdə müəllim çatışmazılığının olmadığını bildirdi.

Emin Əliyev adına 297 saylı məktəbdə isə ümumilikdə 1700 şagird təhsil alacaq. Burada birincilərin sayı 127 nəfərdir. Onlardan 16 nəfəri rus bölməsində təhsil alır. Məktəbin direktoru Fazil Məmmədov ANS PRESS-ə açıqlamasında məktəbin dərs ilinə tam hazır olduğunu bildirdi. Məktəbin təmiri isə qənaətbəxş deyildi. Amma məktəb direktoru ötən illərdə təhsil müəssisəsinin təmirinin daha da acınacaqlı olduğunu bildirdi. Məktəbin dövlət proqramına salındığını və gələn il təmir ediləcəyini vurğuladı.

Burada da şagirdlərin hamısı məktəbli formasında deyildi. Valideynlər isə bunu vahid məktbəli formasını ala bilməmələrilə əlaqələndirirdilər.

Məktəb direktoru bildirdi ki, yaşı 65-dən yuxarı olan 8 müəllim ixtisar edilib. Fiziki tərbiyə fənni üzrə 2 nəfər isə Təhsil Nazirliyinin xəttilə işə qəbul olunub.



Qeyd edək ki, ümumilikdə Azərbaycanın orta məktəblərində 1 milyon 335 min şagird təhsil alır. Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin sayı isə 17 mindən çoxdur. Bu il Azərbaycanda 29 332 abituriyent tələbə adını qazanaraq ali məktəbdə təhsil almaq imkanı əldə edib. Ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 min 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118 min 947 nəfər təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar