Yaxın günlər ərzində ölkə ərazisində sabit hava şəraitinin müşahidə olunacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mayın 9-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Havanın temperaturu gecə 12-15, gündüz 22-25 dərəcə isti olacaq.
Mayın 10-da hava buludlu olacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Şimal küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu bir neçə dərəcə düşəcək. Gecə 12-15, gündüz 19-22 dərəcə isti olacaq.
Mayın 11-də hava əsasən yağmursuz olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.
Yaxın üç gün ərzində Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb rayonlarına isə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 12-16, gündüz 23-27 dərəcə isti olacaq.
APA