Bərdə şəhərinin 3 min illiyi qeyd olunacaq
17 Aprel 2009 Cümə 20:35
Bu qınaətə gələn akademiklər şəhərdə aparılan araşdırmaların Qarabağ tarixinə də işıq salacağını bildirib

2010-cu ildə Bərdə şəhərinin 3 min illiyi qeyd olunacaq. Bir neçə illik elmi araşdırmalardan sonra arxeoloqlar yekun rəyə gəlib. Bu məqsədlə rayonda Bərdənin tarixinə həsr olunan Bərdə-3000 adlı konfrans keçirilib və məsələ Milli Elmlər akdemiyasının elmi şurasında da müzakirə olunub. Mütəxəssislər bu qənaətə gəlib ki, qədim Bərdənin 3 min ildən çox tarixi var. Bərdə arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədovun sözlərinə görə, Bərdədə aparılan arxeoloji qazıntılar zamanı əldə olunan eksponatlarda, eramızdan əvvəl 8-ci əsrə aid mixi yazılarında, o cümlədən qədim tarixi mənbələrdə Bərdənin adına rast gəlinməsi şəhərin tarixinin 3 min ildən də artıq olmasını təsdiq edir. “Əgər Bərdə adi yaşayış məntəqəsi olsaydı, onlar onun adını çəkə bilməzdilər. Bərdədə aparılan arxeoloji qazıntılarda biz qala divarlarının qalıqlarına, Balatəpə adlanan ərazidə biz dəzgah tapırıq. Sənətkarlıq məmulatları tapırıq ki, dəzgahda hazırlanıb, dəzgahı tapırıq, bunlar şəhər sənətkarlığına aid nümunələr deyilmi”.

Arxeoloq bildirir ki, Bərdənin 3 min yaşının təsdiqlənməsi üçün qızğın elmi mübahisələr aparılıb, ərazinin tarixinin saxtalaşdırılması istiqamətində bəzi qüvvələrin apardığı təbliğatın qarşısı təkzib olunmaz arxeoloji dəlilər və tarixi faktlarla alınıb. Bərdə arxeoloji ekspedisiyası rəhbərinin sözlərinə görə, Bərdə şəhərinin 3 min illiyinin qeyd olunması, həm də Qarabağın ümumi tarixinə işıq salacaq, Aran Qarabağla Dağlıq Qarabağın vahid məkan olduğunu bir daha təsdiqləyəcək. “Ona görə ki, eramızdan əvvəl 2-ci minilliyin ortalarında, tunc dövrünün ortalarında sənətkarların maldarlardan ayrılması prosesi baş verib. Bunu Balatəpə Şatırlı kəndi ərazisində aparılan qazıntılar təsdiq edir. Təbəqələşmə zamanı əkinçi əhali düzən, maldar əhali dağlıq ərazidə məskunlaşmağa başlayıb. Bu onu göstərir ki, Qarabağ tunc dövründən ondan da əvvəl vahid məkan olub, Dağlıq Qarabağ deyə bir termin olmayıb”.

Bərdə icra hakimiyyətindən verilən məlumata görə, gələn il 3 min illiklə bağlı təntənəli yubiley tədbirləri keçiriləcək. Dövlət səviyyəsində keçirilməsi planlaşdırılan tədbirdə xaricdən qonaqların və ölkəmizdəki diplomatik missiyaların nümayəndələrinin də iştirakı nəzərdə tutulur. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar