Bazarlarda 5 manata ət satılırmı?
30 Sentyabr 2011 Cümə 12:36
Bazarlarda satılan ətin qiyməti monitorinqlərin nəticələri ilə eynilik təşkil etmir.
Ölkə ərazində ətin qiymətinin süni şəkildə artırılmasını bir neçə gün öncə Dövlət Statistika Komitəsi də təsdiq etdi. Dünən isə İqtisadi İnkişaf Nazirliyi rəsmi saytında ətin qiymətinin bahalaşması ilə bağlı aparılan monitorinqlərin nəticələrini yerləşdirdi. Belə ki, monitorinqlərin nəticəsi kimi göstərilirdi ki, araşdırma zamanı "Təzə bazar"da mal ətinin 5,5-8 manata, qoyun ətinin 6,5-9 manata, "Keşlə bazarı"nda mal ətinin 8 manatadək, qoyun ətinin 9 manatadək, "8-ci km bazarı"nda mal ətinin 5-8 manata, qoyun ətinin 5-9 manata, Dərnəgül qəsəbəsindəki ət kəsimi və satışı məntəqəsində mal ətinin 5-7,5 manata, qoyun ətinin 5-5,5 manata satıldığı müəyyən edilib.

Monitorinqlərin əhatə etdiyi digər pərakəndə ticarət obyektlərində isə mal ətinin qiyməti 8 manatadək, qoyun ətinin qiyməti isə 9 manatadək təşkil edir. Dövlət xidməti xəbərdarlıq edir ki, süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Bir sözlə, dövlət xidməti ətin qiymətinin 8 və 9 manata satılmasını süni qiymət artımı hesab etmir. Hərçənd ki, bir neçə aydır alıcılar ətin məhz bu tariflə satılmasına etiraz edir və bir növ sözügedən nazirliyin bu işə müdaxiləsini tələb edirlər. Paytaxtdakı bir neçə bazara biz də baş çəkdik. Araşdırmaya "Keşlə" bazarındakı ət mağazalarından başladıq. Bazarın kifayət qədər böyük sahəsini əhatə edən sallaqxanalarda ətin qiymətini 8-9 manat gördük. Daha monitorinqin nəticəsində sadalanan kimi nə 5,5 qəpikdən başlayan mal ətinə, nə də ki, 6,5 qəpikdən başlayan qoyun ətinə rast gəlmədik.

Ət satan Şamil İsmayılov bildirdi ki, "sümüklü mal əti 8 manat, sümüksüz 9 manat 5 qəpik, qoyun əti isə 9 manata satılır".

Satıcı Ramin Zülfüqarov isə satıcı alıcıların qıtlığından əziyyət çəkir: "8-9 manatdan baha satmağa qoymurlar. Alıcılar azdır, amma əvvəl 200 kq satırdıqsa, indi heç 100 kq sata bilmirik".

Yeri gəlmişkən onu da deyək ki, ətin qiymətinin baha olması ət alıcılarının sayının azalmasını bazarlarda bir daha təsdiq edirdi. Çünki, çəkiliş zamanı bir nəfər də olsun, ət almaq niyyətində olana rast gəlmədik.
Monitorinq aparılan təzə bazara da baş çəkdik. Burada da ətin qiymətini 8-9 manat aralığında gördük. Nümunə üçün bir yerdə belə 5 manat 5 qəpiyə ət satan yox idi.

Satıcı Məmmədalı Talıbov dedi ki, satıcıların özləri əti 7 manat 7 qəpiyə alırlar: "Onun üstünə 30 qəpik qoyub satırıq .Əvvəl heç olmasa 60-70 qəpik qoyurduq. İndi elə deyil, axı heç bizə də pul qalmır".

Bu yerdə ölkənin aqrar durumuna nəzarəti həyata keçirən Kənd Təsərrüfatl Nazirliyinin açıqlamasını xatırlatmaq yerinə düşər. Belə ki, sözügedən nazirlik ölkə ərazisində iri və xirda buynuzlu heyvanların artım dinamikası ilə ətin yeni tarifləri arasında tərs mütənasiblik olduğunu dəfələrlə bəyan edib. Bəs onda görəsən ətin qiymətini qaldırmaq hansı maraqlara xidmət edir?
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar