Martın 20-də ölkə ərazisində hava şəraitinin mülayim, əsasən, yağmursuz keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin 20-də axşam, 21-də gecə və səhər şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, martın 21-də hava şəraitinin qısa müddətə dəyişiləcəyi, bəzi rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Həmin gün temperatur martın 20-ə nisbətən 3-5 dərəcə düşəcək.
Martın 20-də Bakı və Abşeron yarımadasında hava əsasən, yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Martın 20-də havanın temperaturu gündüz 14-17, 21-də 10-12, 22-də 11-13 dərəcə isti olacaq.
Martın 20-də Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, martın 21-də hava şəraitinin qısa müddətə dəyişiləcəyi, bəzi rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Martın 22-də isə hava əsasən, yağmursuz olacaq.
Yaxın günlərdə Abşeron yarımadasında gözlənilən nisbətən mülayim hava şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
U. Tağıyeva bildirib ki, martın 23-ü axşamdan başlayaraq 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
APA