Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
12 Sentyabr 2011 Bazar Ertəsi 11:56
Təkcə ötən həftə yol qəzalarının 29-u piyadaların vurulması ilə bağlı olub, 12 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb


Bakı. Hafiz Heydərov - APA. Respublika Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son vaxtlar ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı kəskin artıb. Belə ki, ötən həftə ərzində respublikanın avtomobil yollarında baş verən yol qəzalarından 29 hadisə piyadaların vurulması ilə bağlı olub. Nəticədə 12 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

K. Əliyev qeyd edib ki, statistikaya görə, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri əsasən yolun hərəkət hissəsində baş verir: “Məhz ona görə də əksər hallarda baş vermiş hadisələrin günahkarı elə piyadaların özləri olur. Biz bir daha əhaliyə müraciət edərək, avtomobil yollarında diqqətli olmağa çağırırıq. Yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər. Getdikləri ünvana beş dəqiqə tez çatmaq üçün həyatlarını riskə atmasınlar”.

K. Əliyev, həmçinin, yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabrın 10-dan təhlükəsizlik aylığına start verildiyini, orta məktəblərdə polis əməkdaşlarının iştirakı ilə açıq dərslərin keçiriləcəyini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar