Balaxanı Sənaye Parkı yaradılacaq
28 Dekabr 2011 Çərşənbə 21:24
Parkın fəaliyyətinin təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılıb.
Azərbaycan prezidenti Balaxanı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Prezident bu sərəncamı sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə imzalayıb.
Sərəncama əsasən, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılacaq. İqtisadi İnkişaf Nazirliyinə Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək, Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, habelə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Balaxanı Sənaye Parkının idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçiriləcək.
Sərəncamın digər bəndinə əsasən Nazirlər Kabinetinə üç ay müddətində Balaxanı Sənaye Parkının fəaliyyəti üçün ARDNŞ-in “Balaxanıneft” Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etməyi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan prezidenti Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
DOSTLARINLA PAYLAŞ: